Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının görkəmli fransız yazıçısı Antuan dö Sent Ekzüperinin “Balaca şahzadə” alleqorik nağıl-povesti əsasında hazırladığı tamaşanın premyerası olub.
Tamaşanın əsas mövzusu balaca şahzadənin yeddi kiçik planetə səyahətindən ibarət fantastika, alleqoriya və gerçəklik arasında real həyat epizodları üzərində qurulub. Görkəmli yazıçının insanlara səmimi münasibəti, həyatın gözəlliklərini görmək duyğuları, anlaşma və xeyirxahlıq fikirləri əsərin əsas leytmotividir. Tamaşada balaca şahzadələri Nurbəniz Niftəliyeva və Rəhman Abbasov canlandırırlar.
Nağılın süjeti çox sadədir. V-612 astereoidindən gələn balaca şahzadənin məqsədi tamaşaçını da düşündürür. Kainatı səyahət edib, nəhayət, Yerə gələn balaca şahzadənin ümidi insanlar arasında əsl məhəbbəti və dostluğu görməkdir. Yerə gələnə qədər 6 planetdə şöhrətpərəst, işbaz, fənərçi və başqa-başqa insanlarla rastlaşan balaca şahzadə maraqlı və real həyat epizodları ilə qarşılaşır. Şahzadənin tamaşada qarşılaşdığı obrazlarla olan dialoqları həm balacaları, həm də böyükləri düşündürən mövzularla zəngindir. Yer kürəsində Tülkü ilə rastlaşan balaca şahzadənin söhbəti maraq doğurur. Tülkü balaca şahzadəyə həyati əhəmiyyətli məsələlərdən söhbət açır. Yazıçının balaca şahzadəsinin tamaşadakı obrazlarla münasibəti, fəlsəfi fikirləri olduqca maraq doğurur. İlan, Tülkü, Qızılgül, başqa surət və personajlara münasibətdə bunu aydın görürük. Tamaşadakı bu personajların hamısı maraq yaradır.
Vəli Babayev (Pilot), Mehri Nəbiyeva (İlan və Qızılgül), Heyran Abdullayeva (Tülkü), Uğur Nəsirli (Dəmiryolçu), Coşqun Əliyev (Ovçu) rollarının öhdəsindən bacarıqla gəlirlər. Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev isə balaca şahzadənin rastlaşdığı tipləri (kral, şöhrətpərəst, əyyaş, işbaz, fənərçi, coğrafiyaşünas) maraqlı cizgilərlə təbii və canlı şəkildə tamaşaçıya təqdim edir. İlk baxışdan mürəkkəb görünən tamaşa, əslində, insana mənəvi-əxlaqi fikirlər aşıladığı üçün xoş təsir bağışlayır. Tamaşadakı rəqsləri Ayşən Məmmədova, Nuray Mikayılzadə, Şəfəq Budaqov, Aysu Həsənzadə, İlkanə Bayramova, Türkanə Bayramova ifa edirlər. Bir neçə peşəkar aktyor istisna olmaqla, əsasən, uşaqların iştirakı ilə ərsəyə gələn tamaşa maraqla qarşılanır.
Tamaşanın quruluşçu rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamları Behruz Quliyev və Həbib Allahverdiyevdir. Tamaşanın rəqslərinə Humay Qafarova və Nurbəniz Niftəliyeva quruluş veriblər. Tamaşanın musiqi tərtibatçısı da Nurbəniz Niftəliyevadır.
Qeyd edək ki, “Balaca şahzadə” əsəri əsasında çoxsaylı cizgi filmləri, tamaşalar hazırlanıb. Azərbaycan Pantomima Teatrından sonra Naxçıvan Dövlət Uşaq Teatrının müraciət etdiyi “Balaca şahzadə” əsəri uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır.
Əli RZAYEV