Litvalı jurnalist Gintaras Visoçkas rəhbəri olduğu “Slaptai” (www.slaptai.lt) qəzetinin 25 aprel 2017-ci il tarixli nömrəsində Naxçıvan Muxtar Respublikası barədə ingilis dilində məqalə nəşr etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir. Bu gözəl təbiətli diyar şimal-qərbdən Türkiyə, şimal-şərqdən Ermənistan, cənubdan isə İran İslam Respublikası ilə həmsərhəddir. Naxçıvanın ölkənin digər hissəsindən təcridi Stalinin 1924-cü ildə Zəngəzur mahalını Ermənistanın nəzarətinə verməsi ilə başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ (bu Azərbaycan torpağı hal-hazırda Ermənistanın işğalı altındadır) münaqişəsi nəticəsində erməni qüvvələri Naxçıvanı atəşə tutmuş, lakin Kərki kəndindən başqa heç bir ərazini işğal edə bilməmişlər. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, ərazisi 5500 kvadratkilometr, əhalisi isə, təxminən, 500 mindir. Naxçıvan Muxtar Respublikasının ərazisinin, təxminən, 75 faizi 1000 metrdən daha yuxarı yüksəklikdə yerləşir və Naxçıvan öz əzəmətli dağları ilə tanınır.
Naxçıvan haqqında ilk yazılı məlumata yunan coğrafiyaşünası Ptolomeyin “Coğrafiya” kitabında “Naksuana” kimi rast gəlinir və o, yazır ki, buranın əsası bizim eradan əvvəl qoyulub. İmperiyalar, sultanlıq və xanlıqlar dövrünün əhatəsində Naxçıvan adı bir çox dəfə dəyişdirilib. Nəxşicahan (dünyanın bəzəyi), Nuhçıxan (Nuh Peyğəmbərin diyarı) və sair Naxçıvan sözü ilkin mənbələrdə müxtəlif formalarda göstərilib. Yunanca “Naksuana”, pəhləvicə “Naxç”, ərəbcə “Nəşəva” kimi səslənib. Naxçıvanın adı ilə bağlı bir çox tədqiqatçıların irəli sürdüyü müxtəlif fikirlərə baxmayaraq, bu diyarın adı daha çox Nuh Peyğəmbər və Böyük Dünya Tufanı ilə bağlıdır.
Nuh əfsanəsinin müqəddəs Qurani-Kərim və İncildə mövcudluğu, həmçinin “Bilqamıs” dastanında və Kiçik Qafqaz dağlarının ən yüksək (Naxçıvanın Ordubad rayonu ərazisində yerləşir), Qapıcıq zirvəsindəki (dəniz səviyyəsindən 3907 metr yüksəklikdə yerləşir) Gəmiqaya qayaüstü yazı və rəsmlərində mövcudluğu reallığı əks etdirir.
Nuh Peyğəmbərin qəbri Naxçıvan şəhərində tapılıb və onun şərəfinə burada türbə ucaldılıb.
Naxçıvan şəhəri qədim ticarət yollarının kəsişməsində yerləşir. Erkən orta əsrlərdə Naxçıvan və Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə yaxın olmuşdur. Şəhərin zənginliyi və onun geosiyasi mövqeyi qonşu ölkələrdən buraya tez-tez hücumlar edilməsinə səbəb olmuşdur. Bizim eradan əvvəl I əsrin ortalarında Naxçıvan Bizans imperatoru II İraklinin hücumuna məruz qalmış və dağıdılmışdır. Şəhər monqol hücumları zamanı talanmış, Bizans imperiyası və Ərəb Xilafəti arasında daimi münaqişələrə səbəb olmuşdur. Bütün dövrlərdə Naxçıvan müxtəlif dövlətlərin – Saci, Salari sülalələrinin, Azərbaycan dövləti olan Eldəgizlərin paytaxtı və ən əsas şəhərlərindən biri olmuşdur. Nəhayət, XVIII əsrdə müstəqil xanlıq olmuş və XIX əsrdə Rusiyaya birləşdirilmişdir. SSRİ dağılmağa başlayanda Naxçıvan Litvadan sonra Azərbaycanın tərkib hissəsi kimi SSRİ-dən ayrıldığını elan etdi. Bu gün Azərbaycanın tərkibində muxtar respublika kimi Naxçıvanın öz Ali Məclisi və Nazirlər Kabineti vardır. Ali Məclisin Sədri burada ən ali vəzifəli şəxsdir.
Qədim dövrlərdə Naxçıvan şəhəri həm də mühüm ticarət mərkəzi idi. Bura öz rəssamları, sənətkarları, xalçaçıları, zərgərləri, şüşə qab sənətkarları, xüsusilə Naxçıvan memarlıq məktəbinin memarları ilə tanınırdı. Fransız səyyahları Pierre Chardine, Dubois de Monpierre və ingilis səyyah Porter qeyd etmişlər ki, Naxçıvan yaxşı qorunub saxlanılan qədim memarlıq abidələri olan gözəl və dəbdəbəli şəhər idi. Türk səyyah Övliya Çələbi yerli hamamlarda hovuzların suyunun hər gün səbətlər dolu qızılgül ilə ətirləndirildiyindən ovsunlandığını deyirdi.
Bu gün Naxçıvanda elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir. Burada hazırda iki universitet, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Müəllimlər İnstitutu fəaliyyət göstərir. Məktəblər də diqqətdən kənar qalmır, köhnə məktəblər təmir olunur, son texnologiyalar və avadanlıqlarla tam təchiz olunmuş yeni məktəblər tikilir. Şəhərdə Mədəniyyət Sarayı, Dram Teatr, Kukla Teatrı, Xalça Muzeyi, Tarix Muzeyi və digər mədəni müəssisələr fəaliyyət göstərir. Tam təchizatlı Olimpiya-İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Burada iqtisadiyyat sürətlə inkişaf edir, yeni zavodlar, fabriklər və müəssisələr açılmış və çoxlu iş yerləri yaradılmışdır.
Naxçıvanın turizm potensialı çox yüksəkdir. İl ərzində yerli və xarici turistlərə mədəni irs, botanik, ekoloji, sağlamlıq, kurort, biznes və sair kimi bir çox turizm sahələrində xidmətlər göstərilir. Xarici turistlər Naxçıvana İstanbul üzərindən Türk Hava Yollarının təşkil etdiyi mütəmadi reyslər vasitəsilə çata bilərlər. Bundan əlavə, Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana gündə ən az 4 uçuş təşkil edir. Siz buraya həmçinin Rusiyanın Moskva şəhərindən təyyarə ilə səfər edə bilərsiz. İranın Culfa şəhəri və Türkiyənin İqdır şəhərindən avtomobil və ya avtobusla da gələ bilərsiniz.
Naxçıvan dünyaya Möminə xatın məqbərəsi (XII əsr), Yusif Küseyir oğlu türbəsi (XII əsr), Qarabağlar türbə kompleksi (XIV əsr), Əlincə Xanəgahı (XII-XIII əsr), Əshabi-Kəhf (müqəddəs Quranda adı keçir), Aza körpüsü (XVI əsr), Gülüstan türbəsi (XIII əsr), İmamzadə kompleksi (XVI əsr), Əlincə qalası, Gilan şəhərinin qalıqları və sair kimi zəngin memarlıq irsi təqdim edir.
Naxçıvanın həm də qədim sağlamlıq tarixi vardır. Zəngin təbii dərman bitkiləri sayəsində müxtəlif xəstəliklər müvəffəqiyyətlə müalicə edilmiş və bu praktika nəsillərdir davam etməkdədir. Duz mağaralarında yerləşən Duzdağ Fizioterapiya Mərkəzi astma və bronxial sistemi xəstəliklərinin müalicəsində ixtisaslaşmış ən mühüm tibbi mərkəzlərdən biridir. Darıdağ Arsenli Su Müalicəxanası Culfa şəhərindən 8 kilometr məsafədə arsenli su yatağının ərazisində yerləşir və 1978-ci ildə yaradılmışdır. Darıdağ arsenli mineral suyu ilə müxtəlif ürək xəstəlikləri, dayaq-hərəkət aparatı orqanları, periferik əsəb sistemi, dəri xəstəlikləri, qadın xəstəlikləri, qanazlığı və bir çox digər xəstəliklər müalicə edilir. Dünyanın bütün nöqtələrindən bu müalicə mərkəzlərinə üz tutan çoxlu xəstələr tez bir zamanda sağalır. Naxçıvan Muxtar Respublikası bu yerləri tarixi-mədəniyyət və ekoloji turizmin potensial mənbəyi kimi təbliğ və təqdim edir.
Sonda qeyd etmək istərdim ki, Naxçıvan çoxlu tanınmış dövlət xadimləri, siyasi və hərbi liderlər, alimlər, yazıçılar, tarixçilər, filoloqların vətənidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda anadan olub.
Naxçıvan mütərəqqi inkişaf edən, ərazisi sürətli internetlə təmin olunmuş, yerli təbii məhsulların istehsalına, alternativ təbabətə, sağlamlıq turizminə xüsusi diqqət verilən milli qürur guşəsidir.