23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir.
Kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada yazılmış, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatmışdır. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir. Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Orta əsrlərdə Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaratmışlar.

Orta əsrlərdə Şərqdə kağız istehsalının yaranması və yayılması Azərbaycanda da kitab mədəniyyətinin inkişafına səbəb olmuş, ədəbiyyat, fəlsəfə, məntiq, coğrafiya, təbabət, astronomiya, tarix, riyaziyyat, əxlaq və başqa sahələrə aid əsərlərin meydana çıxmasını şərtləndirmişdir. Orta əsrlərin böyük ədəbiyyat və elm ustadları olan Xətib Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Nəcməddin Naxçıvani, Məsud Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar və başqalarının müəllif hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları ölkəmizdən kənarda da böyük şöhrət qazanmışdır. Bu əlyazmalar ölkəmizdən başqa, dünyanın bir sıra ölkələrində – ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Polşa, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrdə də bəşəriyyətin nadir sənət incisi kimi qorunub saxlanılır. Bütün bunlar müəllif hüquqlarının qədim tarixindən xəbər verməklə bərabər, həm də zəngin kitab mədəniyyətimizin göstəricisidir.
“Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyəti, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz – intellektual potensialımız da var. Dahi insanlarımız Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın intellektual potensialını yüksək qiymətləndirmiş, kitab nəşri və müəlliflik hüququ sahəsində böyük işlər həyata keçirmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşrinin kütləviliyini təmin etmək üçün mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə çalışan intellektual və yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. Müstəqillik illərində də ulu öndər Heydər Əliyev tərəfindən kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülmüşdür. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi bu sahədə zəngin qanunvericilik bazasının yaradılmasına səbəb olmuşdur. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmış, Azərbaycan Respublikası ‘‘Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlamışdır. Ulu öndər kitab nəşrinə yüksək qiymət verərək demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”.
Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar imzalamışdır. Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Görülən işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkə­nin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hesablanıb. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir.
Muxtar respublikada təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bundan başqa, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Təkcə 2016-cı ildə muxtar respublikanın mədəniyyət ocaqlarına 1841 adda 20 mindən çox kitab və çap məhsulu daxil olmuşdur.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala” və başqa kitablar tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli elmi mənbələrdir. Bu kimi tədbirlərin və işlərin ardıcıl həyata keçirilməsi dövlətin bu sahəyə xüsusi önəm verməsinin göstəricisidir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Son 10 il ərzində şair və yazıçıların 600-ə yaxın kitabı işıq üzü görmüşdür. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
Gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşdirilməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir. Bu mənada, Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini kitabların və müəllif hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Əziz Şərif, Məmməd Araz, İslam Səfərli və digər görkəmli yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında müəllif hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR