Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli komediyasını Babək Rayon Mədəniyyət Evində rayon ictimaiyyətinə təqdim edib.
Tamaşadan əvvəl Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova çıxış edərək bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrı 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlayıb, 1978-ci ildə kollektivə xalq teatrı statusu verilib. Teatrın səhnəsində müxtəlif illərdə maraqlı səhnə əsərləri oynanılıb. “Ezop”, “Bəxtsiz cavan”, “Ölülər”, “Kamança”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” və başqa pyeslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatrın səhnəsində vaxtilə maraqlı obrazlar yaratmış aktyor və aktrisaların çoxu Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməklə bu gün də teatr səhnəmizə öz töhfələrini verirlər.
Sonra “Şöhrət ardınca” tamaşası göstərilib. Kiçikhəcmli bu pyesdə sosializm quruluşu dövründə Azərbaycanın bir ictimai təsərrüfatındakı saxtakarlıqlardan bəhs olunur. Tamaşa sovet təsərrüfat sisteminin eybəcərliklərini, eyni zamanda vəzifəsinin öhdəsindən gələ bilməyən təsərrüfat rəhbərlərinin şöhrət dalınca qaçmasını tənqid edir, maraqlı dialoqlar, gülüşdoğuran səhnələr tamaşaçılarda xoş ovqat yaradır. Komediyada saxtakarlıqla qazanılan şöhrətin aqibəti tamaşaçıya çatdırılır.
Kolxoz sədri Zəbi Qəniyev (aktyor Abbas İsmayılov) və onun hesabdarı Sədrəddin (aktyor Akif Əsədov) vəzifələrindən sui-istifadə edərək təsərrüfatda əliəyriliklə məşğuldurlar. Hər iki rolun ifaçıları bu tipləri maraqlı cizgilərlə canlandırırlar.
Sultan Səfərovun və Qəmər Babayevanın yaratdıqları Həlimov və Solmaz surətləri də təbii və canlı olmaqla tamaşaçını cəlb edir.
Səhnə əsərinin quruluşçu rejissoru Akif Əsədov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.
Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Əli RZAYEV