Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir.
İyunun 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında konsert təşkil edilib.
Konsertin aparıcısı bildirib ki, hər il olduğu kimi, bu il də şəhərimizin istirahət guşələrində musiqi kollektivləri tərəfindən əhaliyə rəngarəng konsert proqramları təqdim ediləcəkdir.
Konsertdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblı və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Gitaraçalanlar” ansamblı çıxış edib.
Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının solistləri Samir İsmayılov, Əfsanə Babayeva, İlkin Abdullayevin ifasında Azərbaycan xalq mahnıları, bəstəkarlarımızın populyar əsərləri səsləndirilib. “Naxçıvanım”, “Bulağa gəlsin”, “Qara gözlüm”, “Payız gəldi”, “Sənin gülüşün”, “Güllər” və başqa mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Gitaraçalanlar” ansamblının ifası, Naxçıvan Musiqi Kollecinin qızlardan ibarət vokal qrupunun çıxışı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.
Növbəti konsert proqramı bu həftənin şənbə günü təşkil ediləcək.
Əli RZAYEV