Cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında böyük rol oynayan vasitə kitab olduğu kimi, həmin vasitə ilə oxucu arasında körpü yaradan da məhz kitabxanalardır. Bu gün muxtar respublikamızın bütün bölgələrində mütaliə mərkəzləri sayılan belə mədəniyyət müəssisələri fəaliyyət göstərir. Onlardan biri də məktəblilərin ən çox üz tutduğu ünvan olan şair-dramaturq Adil Babayevin adını daşıyan muxtar respublika Uşaq Kitabxanasıdır.
Kitabxananın fəaliyyəti barədə oxucularımızı məlumatlandırmaq üçün yolumuzu adıçəkilən ünvandan saldıq. Naxçıvan şəhərinin Babək məhəlləsində yerləşən kitabxana 1965-ci ildən fəaliyyət göstərir. 50 ildən artıq bir müddətdə uşaqların mütaliəsində mühüm rol oynayan bu mədəniyyət müəssisəsindən indiyədək minlərlə uşaq istifadə edib. Kitabxananın əsl inkişaf dövrü isə müstəqilliyimizin əldə olunmasından sonra başlayıb. Ötən müddətdə dünya uşaq ədəbiyyatının ən dəyərli inciləri dilimizə tərcümə olunaraq nəfis şəkildə çap edilib, ölkəmizin bir çox kitabxanası kimi bəhs edilən mədəniyyət ocağının fondu da bu kitablar hesabına zənginləşdirilib. Hazırda fondda 162 minə yaxın kitab var.
Qeyd edək ki, muxtar respublikada kitabxanalara, kitab nəşrinə göstərilən qayğı uşaq ədəbiyyatı nəşrlərinin sayının artmasına səbəb olub. Kitabxananın kollektivi hər il olduğu kimi, bu il də mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində fəaliyyətini gücləndirib, oxucu sayının artırılması istiqamətində aparılan tədbirləri genişləndirib. Bu tədbirlərin təşkilində əsas məqsəd isə, şübhəsiz, böyüməkdə olan nəslin mütaliəyə cəlb olunmasıdır. Kitabxana tərəfindən “Nağıl günləri” və “Mütaliə günləri”nin keçirilməsi isə bir ənənə halını alıb. Ötən illərdə olduğu kimi, bu il də mədəniyyət müəssisəsinin əməkdaşları məktəblərdə, məktəbəqədər və məktəbdənkənar təhsil ocaqlarında olur, uşaqların kitablara və kitabxanalara marağını artırmaq məqsədilə yerlərdə kitab müzakirələri və mütaliələri təşkil edirlər. Təhsil və tərbiyə ocaqlarında xalq nağıllarının qiraəti təşkil edilir, cizgi filmləri və səhnəciklər nümayiş etdirilir.
Bundan başqa, kitabxananın Duzdağ Fizioterapiya Mərkəzində də bölməsi fəaliyyət göstərir ki, həmin bölmənin əməkdaşları mərkəzdə müalicə alan uşaqların kitablara olan maraq dairəsini öyrənməklə məşğul olurlar. Kitabxana tərəfindən muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılarla balaca oxucular arasında mütəmadi görüşlər təşkil edilir.
Kitabxananın direktoru Kəmaləddin Axundov dedi ki, hər il olduğu kimi, bu ilin yayında da məktəblilərin tətil günlərinin səmərəli təşkili üçün dərslərində geri qalan şagirdlərə kitabxanada dərslər keçiləcək. Naxçıvan şəhərinin müxtəlif yerlərində səyyar kitab sərgilərinin təşkili, bayram günlərində şeir müsabiqələrinin keçirilməsi davam edəcək. Bu tədbirlərdən sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmayacaq, kitabxana əməkdaşları tərəfindən uşaq ədəbiyyatı nümunələri həmin balacaların evlərinə yol tapacaq.
Daha sonra söhbətimizi kitabxananın Kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova ilə davam etdirdik. O, bizə kitabxanada fəaliyyət göstərən şöbələr haqda məlumat verdi. Müsahibimizlə birlikdə kitabxananın 8 şöbəsində olduq, əməkdaşların iş şəraiti ilə maraqlandıq. Burada olarkən oxucularla da söhbət etməyi unutmadıq. Oxuculardan Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Arzu Əliyeva bildirdi ki, məktəbdə oxuduğu illər ərzində bu kitabxananın ona çox köməyi olub. Belə ki, kitabxanada bütün dərsliklər və bədii ədəbiyyatlar var. O, dərsdən sonra buraya gələrək lazım olan dərsliklərdən istifadə edir.
Elmira Xəlilova da kitabxananın daimi oxucularındandır. O da, öz növbəsində, bildirdi ki, mütaliəsevərlər üçün bu məkanın imkanları çox geniş və əhatəlidir.
Bu ay Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Yaşa, Heydər baba” mövzusunda şeir müsabiqəsi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblər və uşaq bağçaları arasında keçirilən müsabiqədə 19 məktəbli və 11 nəfər bağçayaşlı uşaq iştirak edib. Münsiflər heyətinin yekun qərarı ilə məktəblər arasında 5 nömrəli tam orta məktəbin şagirdi Seymur Zeynalov, uşaq bağçaları arasında isə 7 nömrəli uşaq bağçasının üzvü Fatimə İsgəndərli I yerə layiq görülüblər. Bu qəbildən tədbirlərin davamlı olaraq keçirilməsi bir daha sübut edir ki, gələcəyimiz olan uşaqların şeirə, sənətə olan marağının artırılmasına xüsusi diqqət yetirilir.
Kitabxanada olarkən balaca oxucular da diqqətimizdən yayınmadı. Onların valideynləri ilə söhbət etdik. Oxuculardan Yusif Əliyevin valideyni Fərman müəllim qeyd etdi ki, övladına burada əvvəllər necə münasibət göstəriləcəyi ilə bağlı qayğıları olub. Lakin sonralar kitabxana əməkdaşlarının onun övladına qayğı ilə yanaşdığını gördükdən sonra davamlı olaraq bu məkana gəlməsinə icazə verib.
Digər bir valideyn, Ayan Xəlilovanın anası Lamiyə xanım kitabxananın xidmətlərindən çox razılıq etdi. Bildirdi ki, övladını kitabxanaya göndərən vaxtdan bəri onda xeyli müsbət dəyişikliklər müşahidə edib. O, kollektivin işindən də çox razı olduğunu vurğuladı.
Kitabxanada yaradılan bu şərait, heç şübhəsiz ki, gələcəyimiz olan uşaqların hərtərəfli bilik və dünyagörüşünə malik gənclər kimi yetişməsinə əhəmiyyətli təsirini göstərəcək.
Nail ƏSGƏROV