23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalq dekorativ-tətbiqi sənətinin qədim növlərindən biri olan xalçaçılıq muxtar respublikamızda özünəməxsus inkişaf yolu keçib. Qədim diyarımızda xalça sənətinin incəliklərini qoruyub saxlayaraq yaşadan, xalça üzərində rəngarəng naxışlar vuran, müxtəlif kompozisiya və süjetlər yaradan xalça ustaları yetişib. 

Onlardan biri də 1971-ci ildə Şahbuz rayonunun Sələsüz kəndində dünyaya göz açan Həcər Hümbət­ovadır. Həcər xanım söhbətinə yaddaşında qalan xatirələri danışmaqla başladı. Öyrəndik ki, xalça sənətini anası Qumru xanımdan öyrənib. Sənətə olan maraq onu Şahbuz şəhərindəki peşə-texniki məktəbin toxuculuq şöbəsinə gətirib. O, burada toxuculuq sənətinin sirlərini mənimsəyəndən sonra əmək fəaliyyətinə xalçatoxuma sexində xalçaçı kimi başlayıb. Toxuduğu xalçalar keyfiyyətinə və toxunma texnikasının orijinallığına görə çox bəyənilib. Seçdiyi sənətdə günü-gündən püxtələşən Həcər xanım 2010-cu ildən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında çalışır.

Burada xalçaçı kimi fəaliyyətə başlayan xalçaçı qızı az sonra xalçatoxuma sexinin baş ustası təyin ediblər. Biz sexdə olarkən qəlbimizdən bu hisslər keçdi: nə yaxşı ki xalqımızın bədii dühasını, estetik zövqünü, istək və arzularını, eləcə də bizi əhatə edən aləmi özündə əks etdirən xalçalarımız maddi dəyərlərimiz içərisində xüsusi yer tutur. Həcər xanım kimi xalça ustalarının sehrli barmaqları ilə ilmə-ilmə toxunan naxışlar orijinallığı, heyrətamiz rəng çalarları və kompozisiya zənginliyi ilə milli mədəniyyətimizin ululuğundan söhbət açır. Bu sənət incilərinin qüdrəti ondadır ki, xalqımızın tarixi, onun düşüncə tərzi, adət-ənənəsi, məişəti barədə bugünkü və gələcək nəsillərin təfəkküründə geniş və əhatəli təsəvvür yaradır.
Həcər Hümbətova deyir ki, Naxçıvan xalça qrupuna aid olan həndəsi ornamentlər, rəng və kompozisiya orijinallığı digər qruplardan əsaslı surətdə fərqlənir. Naxçıvan xalça qrupuna məxsus sənət nümunələrində nəbati ornamentlər özünəməxsus yer tutub. Xalçalarda işlədilən ornamentlərdən ən geniş yayılanının at, öküz, qoyun və dəvə olduğunu diqqətə çatdıran xalça ustası heyvan rəsmlərinin xalça üzərində təsvirinin ta qədimdən Naxçıvan xalça məktəbinə məxsus olduğunu deyir. Muxtar respublikamızda bu gün xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Həcər Hümbətovanın da ürəyincədir. Naxçıvan şəhərində Dövlət Xalça Muzeyinin yaradılması, muzey binasının müasir tələblərə uyğun şəkildə yenidən qurulması, evlərdə xalça toxunmasının təşkili və digər tədbirlər qədim diyarımızda milli dəyərlərə ehtiramın yüksək səviyyədə olmasından soraq verməklə, bu sənət növünə marağı da xeyli artırıb.
Ənənəvi el sənətini istedad və bacarığı sayəsində qoruyub saxlayan və onu yaşadan xalça ustası Həcər Hümbətovanın əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Nizami ƏZİZƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR