23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının Ordubad rayonu ərazisində 2016-cı ildə apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib.
Hesabat iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar barədə geniş məlumat verərək muxtar respublikanın tarixinin öyrənilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görüldüyünü deyib. O bildirib ki, AMEA Arxeologiya və Etno­qrafiya İnstitutu Xaraba Gilan arxeoloji ekspedisiyası 2016-cı ildə Plovdağ arxeoloji abidələr kompleksində, Xaraba Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparıb və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə edilib. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak ediblər.
İclasda ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək əldə olunan tapıntılar haqqında geniş məlumat verib. Bildirib ki, Plovdağ arxeoloji abidələr kompleksində aparılan arxeoloji tədqiqatların əsas məqsədi nekropolların sərhədləri və ərazilərinin dəqiqləşdirilməsi olub. Bu məqsədlə nekropolların, əsasən I, II və III nekropolun şərq və şimal tərəflərində, II nekropolun qərb tərəfində qəbir abidələri öyrənilib, sərhədləri müəyyən olunub. Eyni zamanda bir çox maraqlı materiallar əldə edilib. Bunlar içərisində əsas diqqəti cəlb edən Orta Tunc dövrünə aid içərisində səkkiz ox ucluğu olan ox qabı, sümükdən hazırlanmış dörd ədəd diş formasında iri bəzək, əqiq və başqa muncuqlardan hazırlanmış düzüm xüsusi vurğulanmalıdır.

İkinci ən maraqlı tapıntı İlk Tunc dövrünə aid gil qabın üzərindəki relyefik işarələrdir. Bu növ işarələrə həm Kültəpə abidəsində, həm də Baba Dərviş abidəsində rast gəlinib. Güman etmək olar ki, həmin qablardan rituallarda istifadə olunub.
Qeyd olunub ki, ikinci qazıntı işi Xaraba Gilan orta əsrlər şəhər yerində olub. Bu şəhərin birinci məhəlləsində böyük bir ikimərtəbəli ictimai yaşayış binasının bir hissəsi qazılıb və bu binanın I və II mərtəbələrinin iki otağı və müdafiə divarına bitişik bir otağı ilə bir dəhlizi qazılıb üzə çıxarılıb. Burada əsas diqqəti cəlb edən binanın I mərtəbəsinin mürəkkəb tağşəkilli memarlıq üslubunda tikilməsidir. Arxeoloji qazıntı zamanı tapılan müəyyən materiallar da son dərəcə maraqlıdır. Bunlara dəridən tikilmiş qadın ayaqqabısını, müxtəlif naxışlı parçaları, XII əsrə aid nəfis şəkildə hazırlanmış qabları aid etmək olar.
Qeyd edək ki, buradan Eldənizlər və Hülakülər dövrünə aid mis sikkələr də tapılıb.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR