23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda dəniz, göl və çaylar olduğu üçün su nəqliyyat vasitələri yaradılıb. Su nəqliyyat vasitələri düzəltmək qədim el sənəti kimi də məşhur olub. Pələ, kələk, qayıq su nəqliyyat vasitələrinin qədim növlərinə daxildir.

Naxçıvanda dəniz yoxdur. Çaylardan isə su nəqliyyat yolu kimi geniş istifadə olunmayıb. Ancaq maraqlı faktlardan biri odur ki, burada “Pələ” adında su nəqliyyat vasitəsi hazırlanıb. Və pələ bir sıra regionlarda məşhurlaşıb. Bəs pələ nədir? Gəlin elə buradan başlayaq.

Pələ ibtidai salın, nisbətən, təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsidir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri mövcud olub. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyyətinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 santimetr diametrli və 2,2-2,5 metr uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, orta və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasında əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün istifadə olunurdu.
Bu haqda Naxçıvan Ensiklopediyasında isə bu fikirlərə rast gəldik: “Pələ ənənəvi su nəqliyyat vasitəsi kimi məşhur olub, ibtidai qayıq növüdür. İndi tamamilə izi itmiş bu nəqliyyat vasitəsi yalnız və yalnız Naxçıvana məxsus olub. Əsasən, çayın bir sahilindən o biri sahilinə keçməkdə, bəzən isə çayın axarı istiqamətində istifadə olunub”.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR