23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtının mənalı keçirilməsi üçün müxtəlif tədbirlərin, konsert pro­qramlarının təşkil edilməsi davam etdirilir.
Avqustun 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin qarşısında konsert təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 10 yanvar tarixli Sərəncamı ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış etməkdədir. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur.

Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solistləri İlkin Abdullayevin, Əli Davudinin, Nərmin Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib. Solistlərin ifasında səslənən Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Niyazinin, Xəyyam Mirzəzadənin, Ramiz Mirişlinin və başqalarının estrada mahnıları alqışlarla qarşılanıb.
Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Yaşar Qurbanov, Azər Cəfərlinin ifa etdikləri estrada və xalq mahnıları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Onların ifasında səslənən Rauf Hacıyevin “Sevgilim”, Tofiq Quliyevin “Mən oldum”, Niyazinin “Arzu”, Xəyyam Mirzəzadənin “Yadındamı” estrada mahnıları istirahət konsertinə gələnlər tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin böyük sənətkarları İohann Ştrauss, Frans Şubert və başqalarının marş, vals, caz, tanqo, rəqs musiqi janrında yazdığı melodiyalar da səsləndirilib.
Naxçıvan şəhərindəki Möminə xatın türbəsi qarşısında təşkil olunan konsert proqramına vətəndaşlarımızla bərabər, xarici qonaqlar da baxıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR