Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsi keçirilib. Müşavirədə Ordubad və Culfa rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Naxçıvan torpağı Azərbaycanda maarifçiliyin və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Tarixdən məlumdur ki, kitab mədəniyyətinin inkişafında kitabxanalar özünəməxsus əhəmiyyət daşıyıb. Eyni zamanda görkəmli ziyalılarımızın şəxsi kitabxanaları da xalqın maariflənməsində xüsusi rol oynayıb.
Müstəqillik illərində ölkəmizdə gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərib. Bunu muxtar respublikanın timsalında da görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, burada elektron kitabxananın fəaliyyətə başlaması belə mədəniyyət müəssisələrinə hərtərəfli qayğının ifadəsidir.
Qeyd olunub ki, hazırda muxtar respublikamızda 2 muxtar respublika tabeli kitabxana, 8 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb. 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə nəşr edilmiş kitablar kitabxanalara hədiyyə olunur. 2015-ci ilin statistikasına əsasən, muxtar respublikamızda kütləvi kitabxanaların sayı 234 olub. Bu kitabxanalarda kitab və jurnalların sayı 2 milyon 126 min nüsxədən çoxdur. Ötən ilin yeddi ayı ərzində nazirliyin sisteminə daxil olan kitabxanalara 181 adda 4550 nüsxə çap məmulatı daxil olub, yeni oxucu sayı 1424 nəfər, oxucu gəlişi 36630 nəfər, kitab verilişi 441043 çap məhsulu təşkil edib. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından uzaq məsafədən (virtual xidmət) 2360, lokal şəbəkədən isə 974 oxucu olmaqla, 3334 oxucu istifadə edib.
Nazirliyin 2016-cı il üçün iş planına əsasən, kitabxana xidmətinin yüksəldilməsi ilə əlaqədar kitabxana günlərinin, mütaliə, həmçinin nağıl günlərinin, kitab müzakirələrinin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Hər həftənin II günü keçirilən “Nağıl günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan şəhərində, rayon (şəhər) MKS-nin uşaq şöbələri isə rayonlarda fəaliyyət göstərən uşaq bağçalarında olub, müxtəlif nağılların ucadan oxularını keçirib, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının və Naxçıvan Dövlət Uşaq Teatrının kollektivlərinin müxtəlif tamaşalardan təqdim etdikləri parçalar, eləcə də nümayiş olunan cizgi filmləri azyaşlılar tərəfindən maraqla qarşılanıb.
Vurğulanıb ki, “Mütaliə günü” layihəsi çərçivəsində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS tərəfindən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib. Ötən yeddi ay ərzində “Nağıl günü” ilə əlaqədar 202, “Mütaliə günü” ilə əlaqədar 65 tədbir təşkil edilib. Ümumilikdə isə son 7 ay ərzində muxtar respublikanın kitabxanalarında, eləcə də rayon (şəhər) MKS-də 32 görkəmli şəxsiyyətlə bağlı 104 yubiley tədbiri, 21 ədəbi-bədii gecə, 35 oxucu konfransı, 25-dək kitab müzakirəsi, 19 yığıncaq, 39 səyyari sərgidən ibarət olmaqla, 160-dan çox mədəni-kütləvi tədbir keçirilib.
Bu dövrdə “Kitabxana günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılıb, kitabxana işçilərinin maarifləndirilməsi məqsədilə müzakirə üçün tövsiyə olunan mövzulara əsasən maarifləndirici tədbirlər keçirilib, həmçinin oxucuların kitabxanalara cəlb olunması məqsədilə 70 tədbir təşkil olunub, sərgilər nümayiş etdirilib.
Qeyd olunub ki, keçirilən zona müşavirəsinin əsas məqsədi kitabxana işi ilə bağlı problemləri müzakirə etmək, işdə olan nöqsanları aradan qaldırmaq, kitabxana işində çalışan işçilərə elmi-metodik köməklik göstərməkdən ibarətdir. Asudə vaxtın düzgün qurulmasında kitabxanaların rolu, belə mədəniyyət müəssisələrinə oxucu cəlbi, kitab müzakirələrinin, mütaliə, kitabxana və nağıl günlərinin təşkili, mütaliə mədəniyyəti, kitabxana-oxucu münasibətləri, kitabxana işində qarşıya çıxan çətinliklər, kitabxana xidməti və bir çox məsələləri ətraflı təhlil etmək bütün kitabxanaların əməkdaşlarını düşündürməlidir.
Bildirilib ki, kitabxana işçiləri sağlamlıq imkanları məhdud və ahıl insanlar üçün səyyari kitabxana xidməti göstərməli, kitabxana və mütaliə günlərinin yüksək səviyyədə keçirilməsinə diqqət yetirməlidirlər. Kitabxanalara təcrübəli kadrlar cəlb edilməli və oxuculara xidmət işi daha da yaxşılaşdırılmalıdır. Kitabxanalarda biblioqrafiyalar və kataloqlar sistemli işlənilməlidir. Kitabxana əməkdaşları üçün bundan sonra da nazirlik tərəfindən mütəmadi seminar-treninqlər keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynovanın, Ordubad və Culfa Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Azər Əliyevin və Füzuli Hüseynlinin mövzu ilə bağlı çıxışları olub.
Müşavirədə kitabxanalarda işin canlandırılması üçün təcrübəli kitabxana işçilərinin təklifləri dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kitabxana işçilərinin zona müşavirəsinə mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti