2016-cı ilin may ayında Naxçıvan şəhərində mənim Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin professoru Vəli Baxşəliyev ilə görüşüm oldu. Biz onunla Naxçıvan Muxtar Respublikasında (Azərbaycan Respublikası) aparılan arxeoloji qazıntıların əhəmiyyəti və bu tədqiqatların Cənubi Qafqazın arxeoloji mədəniyyətlərinə dərin mədəni təsirini müzakirə etdik. Professor Baxşəliyev orta əsr və Son Tunc dövründə Azərbaycanın Naxçıvan bölgəsində hazırlanmış boyalı saxsı qablar barəsində özünün apardığı tədqiqatları barəsində fikirlərini bizimlə bölüşdü. Aşağıda siz mənim professor Baxşəliyev ilə olan müsahibəmin birinci hissəsi ilə tanış ola bilərsiniz.
Peter Tase: Sizin tədqiqatlarınıza əsasən, Naxçıvan bölgəsində hazırlanmış boyalı saxsı qabların xüsusiyyətləri hansılardır?
Vəli Baxşəliyev: Naxçıvan üçün səciyyəvi olan Orta Tunc dövründə hazırlanmış boyalı saxsı qablara Cənubi Azərbaycanda (Urmiyada), Şimali Azərbaycanın Mil düzənliklərində, Anadolunun şimal-şərq regionlarında, Gürcüstan və indiki Ermənistan ərazilərində rast gəlinmişdir. Əgər biz boyalı saxsı qab nümunələrinin ümumi elmi qiymətləndirilməsini aparsaq, həmin qabların üzərindəki naxışların müxtəlifliyinə baxmayaraq, təsdiq edə bilərik ki, Urmiya gölü vadisində, Qafqaz dağlarının cənub hissəsində, Anadolunun şimal-şərqində və Mil-Muğan düzənliklərində bu saxsı qabların hazırlanması üçün ümumi mədəni şərait olmuşdur. Regionda aparılmış tədqiqatın nəticəsi və eyni zamanda regionun topoqrafik xüsusiyyətlərini nəzərə alsaq, region altı hissəyə: Trialeti mədəniyyəti, Təzəkənd mədəniyyəti, Sevan-Üzərliktəpə mədəniyyəti, Qızılburun mədəniyyəti, Naxçıvan mədəniyyəti və Van-Urmiya mədəniyyətinə bölünmüşdür. Baxmayaraq ki, burada altı müxtəlif mədəniyyət kateqoriyası mövcuddur. Biz fikirləşdik ki, daha münasib olar ki, bu altı mədəniyyəti dörd kateqoriyaya bölək. Bu üsulla mədəniyyətlərin hər birini öz fərqləndirici xüsusiyyətləri və sərhədləri ilə hərtərəfli araşdırmaq mümkündür.
Peter Tase: Siz əlavə olaraq Sevan-Üzərliktəpə mədəniyyəti barəsində məlumat verə bilərsiniz?
Vəli Baxşəliyev: K.H.Kuşnaryevanın Sevan (Göyçə) bölgəsi, Mil düzənlikləri və Naxçıvan bölgəsində hazırlanmış boyalı saxsı qabları “Sevan-Üzərliktəpə mədəniyyəti” kimi adlandırmaq təklifi və bu mədəniyyətin Ararat vadisində yaranmasını iddia etməsi inandırıcı fakt deyil. K.H.Kuşnaryevanın bu qrupa daxil etdiyi mərkəzlər, nekropollar və yüksək dağlıq regionlarda olan yaşayış məskənləri ilə xarakterizə edilmişdir. Şimali Azərbaycanın Mil düzənliklərində yerləşən Üzərliktəpə bu qrupda özünü Orta Tunc dövrü mədəniyyətinin səciyyəvi xüsusiyyətlərinə nümunə olaraq göstərmişdir. Halbuki Üzərliktəpənin birinci və ən aşağı layları arasından tünd-qara rəngli saxsı qablar qazılıb çıxarılmışdır və orada heç bir rənglənmiş saxsı qablar müşahidə edilməmişdir. Bu yaşayış məskəninin ikinci qatında aşkar edilən monoxrom boyalı saxsı qablar göstərir ki, tapılan bu saxsı qablar Orta Tunc dövrünün son dövrünə aiddir. Bu qrupa aid edilən yaşayış məskənləri yüksək dağlıq regionun dağ yamaclarında yerləşmişdir və tünd-qara rəngli saxsı qab məmulatları ilə səciyyələnir. Bu ərazi saxsı qab məmulatlarının istehsal paylanma mərkəzləri hesab edilə bilməz. Bizim fikrimizcə, Azərbaycanın şimalında yerləşən Üzərliktəpə yaşayış məskəni, Göyçə gölü hövzəsi və Ermənistanın digər yaşayış məskənləri və nekropolları üçün səciyyəvi olan dekorativ üsul Naxçıvan regionu, xüsusilə II Kültəpədə başlamışdır. Bu nadir dekorasiya üslubu Naxçıvan regionunda, xüsusilə də I və II Kültəpə yaşayış məskənlərində geniş istifadə edilmişdir. Şahtaxtı, Şortəpə və Nəhəcir yaşayış məskənlərində və onların nekropol ərazisində tapılan boyalı saxsı qablar təsdiq edir ki, bu boyama üsulu təkcə I və II Kültəpə yaşayış məskənləri ilə məhdudlaşmır. Digər tərəfdən Orta Tunc dövründən başlayaraq Naxçıvan Muxtar Respublikasının yaşayış məskənlərində qazıntı zamanı aşkar edilən saxsı qabların inkişafı müxtəlif mərhələləri əks etdirir və bu inkişaf Dəmir dövrünə qədər fasiləsiz olaraq inkişaf etmişdir.
Peter Tase: Təzəkənd (Karmir-Berd) mədəniyyəti Araz vadisi boyunca genişlənmişdir, bu mədəniyyətin bəzi xüsusiyyətləri hansılardır?
Vəli Baxşəliyev: Təzəkənd mədəniyyəti Orta Tunc dövrünə xas olan yerli xüsusiyyətləri təcəssüm etdirən başqa bir boyalı saxsı qablar qrupuna aiddir. Bu mədəniyyət Araz vadisindən başlayaraq indiki Ermənistanın yüksək dağlıq ərazisinin yamaclarına qədər olan əraziləri əhatə edir. Təzəkənd mədəniyyəti öz adını Təzəkənd nekropolunda qazıntılar zamanı aşkar edilmiş boyalı saxsı qablardan götürmüşdür. Təəccübləndirici və qeyd ediləsi bir haldır ki, bu günə qədər Təzəkənd mədəniyyətinə aid yaşayış məskəninin varlığı qazıntılarla ortaya çıxarılmamışdır. Bu mədəniyyətdə istifadə edilmiş bir-birini izləyən nazik spiralşəkilli üçbucaqlı və düzbucaqlı formalara, həmçinin Göytəpə, Haftavantəpə, Naxçıvan və Anadolunun şimal-şərqində rast gəlinib. Digər tərəfdən Orta Tunc mədəniyyətinə aid olan oymalar Arınc, Qarni, Mühannəttəpə yaşayış məskənlərində hələ də hərtərəfli öyrənilməmişdir. Bu səbəbdən də mədəniyyətlərin dövrləri barəsində hərtərəfli dəqiq nəticələr almaq mümkün olmamışdır.
Məlumdur ki, Təzəkənd mədəniyyətinə aid olan boyalı saxsı qablar yerli formalaşmadan çox II Kültəpə üçün səciyyəvi olan Boyalı saxsı qablar mədəniyyətinin təsiri altında olmuşdur. Zəngin və yüksək Orta Tunc dövrü mədəniyyətinə malik olan II Kültəpə regionunda mövcud olan yaşayış məskənlərinin mərkəz nöqtəsi olmuşdur. I Kültəpə və II Kültəpə kimi çox qüdrətli mədəniyyət mərkəzləri öz ətrafındakı yaşayış məskənləri ilə yaxın əlaqələr yaratmış və onlara təsir etmişdir. Mən istəmirəm qeyd edim ki, Kültəpə Orta Tunc mədəniyyətinin yaranmasının mərkəzi olmuşdur, lakin məlumdur ki, Orta və Son Tunc dövründə Boyalı saxsı qab mədəniyyəti daha çox sıx olaraq Araz çayı vadisində yaranmışdır.
Peter Tase: Trialeti mədəniyyətinin Naxçıvanın arxeoloji məskənlərinə təsiri nədir?
Vəli Baxşəliyev: Gürcüstanın Çalkın regionu ilə bağlı olan və Cənubi Qafqazın müxtəlif regionlarına yayılmış olan Trialeti mədəniyyəti özünün tünd-qara rəngli, üzərində oyma üsulu ilə naxış açılmış qabları ilə xarakterizə edilir. Trialeti mədəniyyətinin ilk mərhələsi nekropol ərazilərdə təmsil edildiyindən ərazidə heç bir dulusçuluq məmulatı aşkarlanmamışdır. Bu mədəniyyətin ikinci mərhələsində üzə çıxan boyalı saxsı qab nümunələri yalnız varlı, əsilzadə və hakimiyyətə rəhbərlik edən şəxslərin qəbirlərində tapılmışdır. Bunun əksinə olaraq Naxçıvan, Ermənistan və Anadolunun şimal-şərqində olan boyalı saxsı qablara yalnız yuxarıda sadalanan təbəqələrin qəbirlərində deyil, sadə insanların da qəbirlərində rast gəlinmişdir. Şübhəsiz, bu cür saxsı qabların çox rast gəlindiyi region Anadolunun şimal-şərq yaylasındakı qəbirlərdə olmuşdur. Lakin indiyə qədər məlum deyil ki, görəsən, regionun yerli insanları tərəfindən qeyri-qanuni yolla qazıntılar aparılarkən yaşayış məskənlərində boyalı saxsı qablara rast gəlinmişdir, yoxsa yox? Trialeti mədəniyyətində sıx rast gəlinməyən boyalı saxsı qablara bu regionun yalnız cənub hissələrində rast gəlinir. Aşkar olunmuş məhdud sayda olan boyalı saxsı qablara əsaslanaraq bəzi tədqiqatçılar qeyd edirlər ki, Trialeti mədəniyyəti Van, Naxçıvan və Urmiya gölü regionuna yayılmışdır. K.H.Kuşnaryevanın qeyd olunan təklifinin əksinə olaraq Urmiya gölü vadisində, Naxçıvanda və şimal-şərqi Anadoluda aşkar edilmiş boyalı saxsı qablar forma və naxışlarına görə Trialeti mədəniyyətinə aid monoxrom boyalı saxsı qablardan fərqlənmiş və geniş yayılma ərazisinə malik olmuşdur. Trialeti mədəniyyətinin boyalı saxsı dulusçuluq qabları qonşu icmaların mədəniyyətlərini özündə aydın şəkildə əks etdirir. Əlavə olaraq Trialeti kurqanlarında tapılan materiallar burada Anadolu və Van-Urmiya regionlarının təsirinin olduğunu göstərir.
Trialeti kurqanlarında qazıntı zamanı aşkar olunmuş kiçik sayda olan boyalı saxsı qablar digərlərindən öz naxışlarına görə fərqlənir və bir daha burada Anadolunun böyük təsirinin olduğunu göstərir. Təəssüf ki, bəzi alimlər boyalı saxsı məmulatlarında Cənubi Qafqazın müəyyən hissələrində, Orta Tunc dövrünün qədim Kür-Araz ənənələri ilə bu regiona sonradan gələn sakinləri arasında sintez ideyasının olduğunu qəbul edir. Trialeti mədəniyyətində boyalı qab nümunələri qəbilə rəhbərlərinin qəbirlərində aşkar edilmişdir. Belə görünür ki, həmin materiallar idxal olunmuşdur. Nəticə etibarilə məlumdur ki, Trialeti bu qabların yayıldığı bölgənin şimal sərhədlərini formalaşdırmış, lakin bu məmulatların istehsalı və paylama mərkəzi olmamışdır.
Peter Tase
29.07.2016
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” və
“Eurasia review” qəzetləri