Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Dünən bu münasibətlə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Gənclik” Mərkəzinin foyesində Azərbaycan Kinosu Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev milli kinomuzun inkişafına həmişə böyük diqqət və qayğı göstərib. Ulu öndər deyirdi: “Bəşəriyyət qarşısında kinonun xidmətləri böyükdür. Amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
Maraqlı inkişaf yolu keçən kino tariximizə 1935-ci ildə çəkilmiş “Mavi dənizin sahilində” bədii filmi Azərbaycanda ilk səsli kino kimi daxil olub. Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən, bu film dünya kinosunun ən yaxşı 10 ekran əsəri siyahısına daxil edilib. 1937-ci ildə çəkilən “Dəcəl dəstə” filmində ilk azərbaycanlı qadın kinorejissor, tanınmış şairimiz Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə fəaliyyətə başlayır. Azərbaycan kino sənətinin inkişafında bu dövrdə Naxçıvan torpağının yetirdiyi görkəmli sənətkarlardan olan Rza Təhmasib də fəal iştirak edir. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyil güclənir.
Bildirilib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekranlaşdırılıb, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə beynəlxalq kino festivallarında və müsabiqələrində yüksək mükafatlar alıb. Müstəqillik illərində də kinoya xüsusi diqqət yönəldilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Dahi rəhbərin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilib.
Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin 2007-ci il 23 fevral tarixdə imzaladığı “Kino sənətinin inkişafı haqqında” Sərəncam bunun bariz ifadəsidir. Digər bir qayğı isə ölkə başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsidir.
Qeyd olunub ki, müstəqillik illərində çəkilən “Ovsunçu”, “Yuxu”, “Aktrisa”, “Sahə”, “İstanbul reysi”, “Qala”, “Hökmdarın taleyi”, “Çölçü”, “Sübhün səfiri”, “Tərsinə çevrilən dünya”, “Cavad xan”, “Buta”, “Nabat”, “Xoca”, “Dolu” və başqa bədii filmlər kinosevərlər tərəfindən maraqla qarşılanıb.
“Bu gün milli kinomuzun müraciət etdiyi mövzulardan biri də Qarabağ müharibəsidir. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər bu filmlərin əsas süjet xəttini təşkil edir”, – deyən nazir diqqətə çatdırıb ki, son illər Azərbaycan kino sənəti Kann, Karlovı Varı, Berlin, Oberhauzen, Madrid, Moskva, Venesiya və başqa onlarla nüfuzlu festivallarda uğurla təmsil olunub.
Sonra Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək Azərbaycan kinosunun inkişaf yolundan danışıb. Vurğulanıb ki, bu gün muxtar respublikada kinoya böyük diqqət göstərilir. Naxçıvan şəhərində “Gənclik” Mərkəzi, Şahbuz şəhərində “Araz”, Şərur şəhərində “Bahar” kinoteatrları, Babək rayonunda mədəniyyət evi ən müasir videoproyektorlarla, texniki avadanlıqlarla təchiz olunub.
Muxtar respublikamızda fəaliyyət göstərən Dövlət Film Fondu da hərtərəfli qayğı ilə əhatə edilib. Fondun Naxçıvan televiziyası, “Kanal 35” televiziyası, “Gənclik” Mərkəzi, kinoteatrlar, mədəniyyət müəssisələri, təhsil ocaqları və hərbi hissələrlə geniş əlaqələri vardır.
Sonda 1973-cü ildə çəkilmiş “Nəsimi” filmi nümayiş etdirilib. Qeyd edək ki, tanınmış yazıçılarımız Həsən Seyidbəyli və İsa Hüseynovun ssenarisi əsasında ekranlaşdırılan filmin müəyyən hissələri Culfa rayonu ərazisindəki Əlincəqala ətrafında çəkilib. Filmdə Azərbaycan kinosunun görkəmli sənətkarları Rasim Balayev (Nəsimi), İsmayıl Osmanlı (Nəimi), Məmmədrza Şeyxzamanov (Şeyx Əzəm), Səməndər Rzayev (Şirvanşah İbrahim), Yusif Vəliyevlə (Əmir Teymur) bərabər, naxçıvanlı aktyorlar da çəkiliblər. Görkəmli bəstəkarımız Tofiq Quliyevin gözəl musiqisi və Nəsiminin qəzəlləri əsasında yazdığı melodiyalar filmin təsir qüvvəsini daha da artırıb. Orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyi fonunda tamaşaçı həm də xalqımızın yadelli işğalçılara qarşı apardığı qanlı mübarizənin şahidi olur. Filmdə dövrün haqsızlıqlarına qarşı çıxan Nəsimi humanist şair və filosof kimi canlandırılıb. Böyük şairin 600 illik yubileyinin YUNESKO tərəfindən bütün dünyada qeyd edildiyi illərdə çəkilmiş “Nəsimi” bədii filmi kinomuzun qızıl fonduna daxil olub və bir sıra mükafatlara layiq görülüb.
Əli RZAYEV