23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.
Bildirilib ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlayıb. Hələ sovetlər dönəmində Moskvanın təzyiqlərinə baxmayaraq, xalqımızın böyük oğlu Heydər Əliyev misilsiz cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail olub.

Dahi rəhbərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması öz əksini tapıb. Ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı ana dilimizin inkişafında, ədəbi dil normalarının tətbiqində mühüm rol oynayıb. Bundan sonra “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun qəbul edilib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb.
Vurğulanıb ki, bu gün muxtar respublikamızda dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması ana dilimizə ehtiramın ifadəsidir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması üçün həyata keçirilən tədbirlər geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Dilimizin qədim quruluşu və yayılma arealı”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Ən böyük milli qürurumuz – ana dilimiz”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzularında çıxış ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan əlifbası və dili dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlının doğma əlifbası, doğma dili, ünsiyyət vasitəsi olmaqla bərabər, onları bir-birinə qırılmaz tellərlə bağlayan çox güclü amildir. Dilimizin zənginliyini bu dildə yaranmış dastanlar, nağıllar, bayatılar, rəvayətlər, atalar sözləri və digər xalq yaradıcılığı nümunələri də sübut etməkdədir.
Vurğulanıb ki, bugünkü gəncliyin vəzifəsi babalarımızın bizə miras qoyduğu, əmanət etdiyi ana dilimizin saflığını qorumaqdan ibarətdir.
Tədbir iştirakçıları sonda əlamətdar günə həsr olunmuş sərgiyə baxıblar.
Qeyd edək ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib, sərgilər təşkil edilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR