23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərtib etdiyi qrafikə əsasən, rayonlarımızda Azərbaycan Kinosu Günü ərəfəsində milli bədii filmlərimizin nümayişi bir həftədir ki, davam etdirilir. Bu münasibətlə Şərur şəhərindəki “Bahar” kinoteatrında “Bir cənub şəhərində” filminin nümayişi olmuşdur. Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək Azərbaycan kino sənətinin keçdiyi çətin və şərəfli inkişaf yolu haqqında danışmışdır. Bildirilmişdir ki, bu illər ərzində yüzlərlə yüksək səviyyəli bədii film, iki minə yaxın sənədli, elmi-kütləvi, yüzdən çox cizgi filmi və başqa kinosüjetlər çəkilmişdir.

Vurğulanmışdır ki, bu gün nümayiş etdiriləcək “Bir cənub şəhərində” bədii filmi 1969-cu ildə ekranlara çıxmışdır. Filmin rejissoru Eldar Quliyev, operatoru Rasim Ocaqov, bəstəkarı Fərəc Qarayevdir. Film hazır olduqdan sonra sovet senzurası bu kinonun ekranlara çıxmasını yasaqlamışdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu film ekranlara çıxmışdır. Sosial kinopovest janrında çəkilmiş bu film sovet cəmiyyətinin eybəcərliklərini təcəssüm etdirir. Kino əsəri çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə nail olması ön plana çəkilmişdir. “Bir cənub şəhərində” filmində kinosevərlərin ekrandan yaxşı tanıdığı görkəmli sənətkarlarımız Həsən Məmmədov (Murad), Eldəniz Zeynalov (Tofiq), Yusif Vəliyev (Səfərəli), Sadıq Hüseynov (Babaş), Tələt Rəhmanov (Milis nəfəri) və başqaları çəkilmişlər. Filmdə Azərbaycan xalqının məişət səhnələrini əks etdirən kadrlar da maraq doğurur. Bu filmimiz də həyat hadisələrinin reallığı və sənətkarlıq baxımından diqqəti cəlb edir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR