23 Dekabr 2024, Bazar ertəsi

26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür. Azərbaycan muğamı xalqımızın tarixini, coğrafiyasını, mədəni həyatını, etnik köklərini özündə yaşadır. Muğam sənətimizdə xalqımızın müdrikliyini, gələcəyə inamını, məhəbbətini, düşüncə və təfəkkürünü, mübarizə və döyüş ruhunu görmək mümkündür. Başqa sözlə, muğam Azərbaycan xalqına xas olan ən gözəl milli-mənəvi dəyərlərin daşıyıcısı olmaqla torpağa bağlılıq, xeyirxahlıq, mərhəmət, milli özünüdərk hissinin ifadəsidir. Muğam hər bir azərbaycanlının mənəviyyatının genetik kodu, ensiklopediyasıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.

Azərbaycan muğamının ən mühüm cəhətlərindən biri də musiqi ilə qüdrətli sözün, yəni həqiqi poeziyanın vəhdətdə olmasıdır. Bu qüdrətli musiqini insana, dinləyicilərə çatdırmaq üçün həm də qüdrətli poeziya nümunəsinə ehtiyac duyulur. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX əsrin 20-ci illərindən XX əsrin əvvəllərinə qədər Azərbaycan şəhərlərində mövcud olmuş ədəbi və musiqi məclisləri böyük rol oynamışdır. Şuşa, Ordubad, Bakı, Şamaxı, Lənkəran, Gəncə kimi şəhərlərdə yaranan ədəbi və musiqi məclislərində şairlər, ədiblər, musiqiçilər, ziyalılar, klassik poeziyamızın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Bu məclislər Azərbaycan muğam sənətinin formalaşmasına güclü təsir göstərmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əlağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə” və başqa muğamlar tükənməz söz-sənət xəzinəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirmişdir.

Azərbaycan muğamları ilk dəfə XX əsrin əvvəllərində bir sıra görkəmli xanəndələrin ifasında qrammofon valına yazılmış, 1930-cu illərdə nota alınmışdır. Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoymuşdur. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərmişdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun ifadə imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmirovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkə­lərində dinləyicilərin qəlbini fəth etmişdir. Bu musiqi əsərləri arasında muğam operası, simfonik və xor muğamları, sonata-muğam, caz-muğam kimi sənət nümunələrinə rast gəlinir ki, bunlar da muğam ənənələrinin yaşadılmasının gözəl ifadəsidir.
XX əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar. Musiqi mədəniyyəti, o cümlədən muğam sənəti tariximizin ötən əsrin 70-ci illərindən bəri olan dövrü ulu öndərin adı ilə bağlıdır. 80-ci illərin ortalarında Azərbaycan muğamının sədaları respublikamızın hüdudlarını aşaraq xarici ölkələrdə də geniş şəkildə səslənməyə başlamışdır. Məhz bu illərdə muğam sənətinə marağın daha da artması və bir sənət kimi muğama baxışların formalaşması üçün yeni şərait yaranmağa başladı. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılmışdır.
Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs reprezentativ siyahısı”na daxil edilmişdir. Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınmışdır. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənmişdir. Bütün bunlar sonrakı illərdə də zəngin muğam sənətimizin inkişafı və tanıdılmasında həlledici rol oynamışdır.
Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiramla yanaşı, həm də böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı muğamı Azərbaycanın milli sərvəti kimi dəyərləndirərək demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir”.
Muğam sənətinin qorunub saxlanması və tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, 24 görkəmli muğam ifaçısının səsləndirdiyi muğam parçalarından ibarət “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, Azərbaycan, rus və ingilis dillərində ikicildlik “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair ilk tədris vəsaiti kimi 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu hazırlanmışdır. Azərbaycanda 2009-cu ildən Beynəlxalq Muğam Festivalına və bu festival çərçivəsində Beynəlxalq “Muğam aləmi” simpoziumunun keçirilməsinə start verilmişdir.
Naxçıvan Muxtar Respublikasında da muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da səslənir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması isə muğam musiqisi sahəsində yaddaqalan tədbirlərlə əlamətdar olmuşdur. Həmin il keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. 2013-cü ildə isə Azərbaycan Respublikasında keçirilən “Muğam müsabiqəsi – 2013” tele­viziya müsabiqəsinin bir mərhələsi Naxçıvanda keçirilmiş, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış muğam ustaları Naxçıvan Dövlət Universitetində olmuş və ustad dərsləri keçmişlər.
Qədim diyarımızda son illər xalq musiqimizin, muğamlarımızın nota köçürülməsi ilə görülən işlər də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu gün Naxçıvanda muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində muğam dərsləri tədris olunur, gənc muğam ifaçıları yetişdirilir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muğam ustadları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür. Musiqimizi və muğamlarımızı yaşadan sənətkarlarımızın yubileylərinin qeyd olunması da gözəl ənənəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə bu il keçirdiyi “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” da ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında muğamın inkişafına göstərilən diqqət və qayğı bu sənətin daha da zənginləşməsinə öz töhfəsini verir. Çünki muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin musiqisidir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR