23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.

Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib.
Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir, muzey bələdçiləri həmin mədəniyyət müəssisələri ilə yaxından tanış olurlar. Bu seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik səviyyəsinin yüksəldilməsidir.
Bildirilib ki, muxtar respublikamızdakı muzeylərin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Belə mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir ki, bu da muzey işinin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Qeyd olunub ki, görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Muzeylərimizin hazır­lıqlı, bilikli, xarici dilləri bilən bələdçilərlə təmin edilməsi vacib məsələlərdəndir. Muzeyə gələn insanları qarşılayan və onlara bu mədəniyyət ocağı haqqında məlumat verən bələdçilərdir. Muzey bələdçilərinin etik qaydalara əməl etməsi muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır.
Tədbir iştirakçılarına “Muzey işinin peşə etikası kodeksi” haqqında da məlumat verilib. Muzeylərə qarşı qoyulan ən kiçik tələblər, muzey sahəsi, muzey personalı, kolleksiyaların artırılması prinsipləri, eksponatların alınmasında hüquqi normalar, kolleksiyalara qayğı, muzey peşəsi nümayəndələrinin ictimaiyyətə qarşı şəxsi məsuliyyəti kimi məsələlərdən söhbət açılıb.
Bildirilib ki, muzey bələdçiləri müxtəlif sosial qruplardan olan insanlarla işləməyi bacarmalıdır. Muzey bələdçisi hər bir ziyarətçiyə qarşı diqqətli və nəzakətli olmalı, onların suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmağı bacarmalıdır.
Sonda Dövlət Bayrağı Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib. Seminar-treninqdə muzey bələdçilərinin davranış qaydalarına dair metodik tövsiyələr verilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR