Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formada olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. 1898-1935-ci illərdə Azərbaycanda səssiz kinolar çəkilsə də, bu illərdə həm sənədli, həm də bədii filmlər yaradılmışdır. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilmişdir.
XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində tammetrajlı filmlərin yaradılmasına başlandı. Təbii ki, bu dövrdə ölkəmizdəki ictimai-siyasi və mədəni şərait kino sənətinin formalaşmasına zəmin yaratdı və təqribən, bir əsr bundan əvvəl Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında Azərbaycanda ilk tammetrajlı film çəkildi. Film XX əsrin əvvəllərində neft Bakısının həyatını, Azərbaycan milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən ağır şəraitdə işləyib yaşayan fəhlələrin güzəranını ekranda canlandırmışdır. Azərbaycanın birinci tammetrajlı bədii filmi olan “Neft və milyonlar səltənətində” kinosuna 1916-cı ildə ilk dəfə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin passajında “Fransız Elektrobioqrafı”nda göstərilmişdir. Kino Bakıdan başqa, Qafqazın və Orta Asiyanın bir çox şəhərlərində də nümayiş etdirilmişdir. Beləliklə, “Neft və milyonlar səltənətində” filmi ilk bədii film kimi kino tariximizə daxil olmuşdur. Avropa və Asiyanın bir sıra ölkələrinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibəti ilə təntənə” adlı tammetrajlı sənədli filmi çəkilərək nümayiş etdirilmişdir. Azərbaycanda ilk səsli kinonun istehsalına isə 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənmişdir. 1936-cı ildə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin tərcüməsi ilə sovet kinosunun dünyada tanınan “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyulmuşdur. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdir. Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan “Arşın mal alan” filmi indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş vermiş, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilmişdir. Ü.Hacıbəyovun bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirmiş, “O olmasın, bu olsun” filmi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Türkiyə, İran, Hindistan, Çin, Yaponiya və başqa ölkələrdə nümayiş etdirilmişdir.
İncəsənətimizin hamisi olan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına qayğı daha da artmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan kinematoqrafiyasının imkanları genişlənmiş və bu sahədə ciddi nailiyyətlər əldə edilmişdir. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı həmin illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır.
1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sevilən sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir. Bədii kinomuzun janr müxtəlifliyi isə filmlərin hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, dedektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirmişdir. Azərbaycan kinosu həm də multikultural dəyərlərin daşıyıcısı kimi başqa xalqların nümayəndələrinin obrazlarını da filmlərimizdə canlandırmışdır. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə bu, nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan bu cür sənət nümunələri yaradılmışdır.
Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikasında kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad və Babək rayon mədəniyyət evləri yenidən qurulmuş, ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən “Azərbaycan Kinosu Günü” çərçivəsində hər həftə bir milli bədii film geniş ictimaiyyətə təqdim olunur. “Nabat”, “Cavad xan”, “Arşın mal alan”, “Axınla aşağı”, “Buta”, “Əbədi ezamiyyət”, “Hədəf Bakıdır” və başqa bədii, sənədli filmlərimiz geniş ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Naxçıvan Dövlət Film Fondunda 4500-dən çox film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidməti