Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.
Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq edirlər. Yekun konsertin noyabr ayında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar.
Tədbirdən əvvəl aparıcılar bildiriblər ki, Azərbaycanın zəngin folklor janrları arasında xalq mahnıları xüsusi yer tutur. Janr rəngarəngliyinə, forma və bədii ifa xüsusiyyətlərinə görə seçilən bu mahnılar xalqımızın milli dəyərlərini, adət-ənənələrini özündə ehtiva edir. Azərbaycan xalqının qədim və zəngin musiqi yaradıcılığında xalq mahnılarının özünəməxsus yeri və rolu var. Xalq mahnılarının ürəkaçan melodiyaları, poetik mətni hər bir dinləyicinin qəlbinə yol tapır. Xalq mahnılarımızın hamısı klassik muğamlara əsaslanaraq onlardan qidalanıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”ya beş aydır, start verilib. Müsabiqənin əsas turunun birinci mərhələsində 15 iştirakçı çıxış edib.
Bildirilib ki, müsabiqənin əsas turunun ikinci mərhələsi iyunun 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində, üçüncü mərhələsi iyunun 30-da Ordubad rayonunda, dördüncü mərhələsi iyulun 28-də Babək rayonunda keçirilib. Bu gün isə əsas turun beşinci mərhələsi keçirilir.
Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Sonra əsas turun dördüncü mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların bu mərhələdə topladıqları ballar bir daha elan olunub.
Sonra xalqımızın ruhundan süzülüb gələn, qəlbləri riqqətə gətirən təsniflər səsləndirilib. Tarda Sərxan Abdullayevin, kamançada Nurlan Nuriyevin, udda Cəlil İsmayılovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə müsabiqə iştirakçıları Aqil Adilzadə (Culfa rayonu, Bənəniyar kəndi, 216 bal) “Ay bülbüllər”, Məhərrəm Quliyev (Culfa rayonu, Bənəniyar kəndi, 214 bal) “Tellərini yan dara, qız”, Fərman Allahverdiyev (Şərur rayonu, Tənənəm kəndi, 221 bal) “Ay qəşəng ceyran”, Fuad Qədimov (Sədərək rayonu, Qaraağac kəndi, 229 bal) “Yar şirin olar”, İlham Məmmədov (Kəngərli rayonu, Böyükdüz kəndi, 234 bal) “Üç meyvə”, Əsmər Hüseynova (Ordubad şəhəri, 236 bal) “Yar gəldi”, Bəhruz Quliyev (Culfa rayonu, Saltaq kəndi, 234 bal) “Ay qız, kimin qızısan”, Təyyar Mədətli (Şahbuz rayonu, Kolanı kəndi, 228 bal) “Bəri bax”, Rəşad Nəcəfov (Culfa şəhəri, 230 bal) “Ay mənim məhəbbətim”, Səfər Cəfərov (Babək rayonu, Nehrəm kəndi, 241 bal) “Sarı bülbül”, Elmar Qasımov (Naxçıvan şəhəri, 242 bal) “Rəhm eylə”, Ataxan Quliyev (Naxçıvan şəhəri, 250 bal) “Şuşanın dağları”, Yusif Hacıyev (Naxçıvan şəhəri, 254 bal) “Alma almaya bənzər” xalq mahnılarını ifa ediblər.
Sonda müsabiqənin Naxçıvan şəhərində keçirilən mərhələsinin nəticələri elan olunub. Beləliklə, müsabiqənin şərtlərinə əsasən, bu turda ən az bal toplamış iştirakçı müsabiqəni tərk edib.
Əli Rzayev