Bu rubrikamızda orta əsrlər dövründən başlayaraq müasir dövrümüzədək Naxçıvan torpağının yetişdirdiyi dahilərdən, məşhur şəxsiyyətlərdən söhbət açırıq. Budəfəki yazımızı şair və dəyərli din xadimlərindən sayılan Hacı Mirzə Məhəmmədəli Qərəvi Ordubadiyə həsr etdik.
Gəlin öncə onu tanıyaq: Əbül-Qasim Ordubadinin oğlu Hacı Mirzə Məhəmməd Əli Qərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə Nəcəf şəhərinə qayıdır. Məhəmmədəli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Əbül-Qasim Ordubadi olmuşdur. Atasının vəfatından sonra Məhəmmədəli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi, təqribən, 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri onun şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəmbərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
“Məfaxiri-Azərbaycan” kitabında yazıldığına görə, Ordubadi “Əl-Ğədir” kitabının yazılmasında Əllamə Əminiyə yaxından köməklik göstərmişdir. O, “Əl-Ğədir” kitabının səlis dil və aydın üslubda qələmə alınması üçün müəllifə dəyərli məsləhətlər vermiş, kitabın redaktə prosesində fəal iştirak etmişdir. Zənnimizcə, bu cür müstəsna dəyərə malik bir əsərin yaradılmasına yardım göstərməklə Mirzə Məhəmmədəli Ordubadi öz adını tarix səhifələrinə əbədi yazdıra bilmişdir.
Ordubadi dini məzmunlu bir neçə əsərin müəllifidir. Məsələn, İmam Mehdi barəsində “Əl-Ənvarüs-satiə” kitabı, Kərbəla şəhidlərinin qanını almış Muxtarın tərcümeyi-halı, aşura gününün müsibətlərinə həsr olunmuş mərsiyələr məcmuəsi, müsəlman alimlərinin tərcümeyi-halını əhatə edən “Zəhrür-rəbiyy” kitabı, Şeyx Təntaviyə mənsub “Cəvahir” təfsirinin tənqidi və sair. Onun qələmindən çıxmış və Həzrət Əlinin Kəbədə doğulması faktını isbat edən risalə Əllamə Əmini tərəfindən yüksək dəyərləndirilmişdir.
Ordubadi dəyərli bir ədib və şair kimi ərəb dilində çoxlu şeirlər yazmışdır.
Son dərəcədə yüksək istedada malik olan Ordubadi qısa müddətdə böyük məqam sahibi olur. Ən maraqlısı isə onun ərəb dili qaydalarını mükəmməl bilməsi və bu dildə şeir yazması idi. O, bu sahədə yüksək məqama çatmış məşhur ədib və şairləri arxada qoyaraq onları heyrətə salmışdı. Ərəb ölkələrinin tarix və ədəbiyyatı, fiqh, üsul, hədis, rical, təfsir, kəlam və hikmət sahəsində misilsiz idi. Bunlardan əlavə, Ordubadi saf ruhlu, gözəl əxlaqlı, ədəbli, təqvalı və xoşxasiyyət bir insan idi. Çıxış edərkən sözlərinin cazibədarlığı və şirinliyi insanı cəzb edir, ruhuna təsir edirdi. Təvazökar alim dünyanın aldadıcı var-dövlətindən üz çevirərək pəhrizkarlıq, elm öyrənmək və şəri vəzifəsini yerinə yetirməklə məşğul olurdu. Ömrü boyu həmişə haqqı deyən və haqqı yorulmadan müdafiə edənlərdən olub. Haqq yolunda heç nədən çəkinməzdi.
Öz qüvvəsini başqalarının elmi işlərinin tənzim olunmasına sərf və onların çap olunmasına kömək etdiyindən özünün yüksək dərəcədə yazılan əsərləri üzə çıxmır. Ömrünün axırlarında ağır xəstəliyə tutulur və öz evində oturmalı olur. Amma bu vəziyyətdə də tədqiqatlarını davam etdirir. “Qurani-Kərim”ə təfsir yazmağa başlayır. Amma şiddətli xəstəlik bu işi sona çatdırmağa aman vermir.
Təkcə əsrarəngiz gözəlliyi, zəngin təbii şəraiti ilə deyil, həm də qoynunda böyüdüb boya-başa çatdırdığı görkəmli şəxsiyyətləri ilə Naxçıvan torpağı tarix səhifələrində özünəməxsus yer tutmuşdur.
Nərgiz İsmayılova