23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Biznes Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq yaradıcılığı emalatxanasında uşaq və yeniyetmələrin müxtəlif sənətləri öyrənmələri üçün kurslar təşkil olunur. Uşaqlar yumurta qabığından, undan, rəngli kağızdan müxtəlif əl işləri hazırlayırlar. Emalatxanada qadınlar tərəfindən toxunan balaca dekorativ xalçalar da göz oxşayır. Burada Naxçıvanda və Ordubadda toxunmuş xalçalar çoxluq təşkil edir. Emalatxanaya həmçinin bərpaya ehtiyacı olan xalçalar da gətirilir. Bu xalçaların çeşniləri yenidən işlənərək əvvəlki görkəminə qaytarılır.
Ömrünü bu sənətə bağlamış Akif Həsənovun əl işləri də xüsusi maraq doğurur. Onun əl işlərinin əksəriyyətində Möminə xatın türbəsində gördüyümüz nəbati, həndəsi naxışlardan istifadə edilib. O, ağac üzərində İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Memar Əcəmi, Hüseyn Cavid kimi şəxsiyyətlərin por­tretlərini, barelyeflərini hazırlayıb. Həmçinin Naxçıvanın xəritəsi də hazırlanan əl işləri sırasındadır. Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, Nizami Gəncəvinin “Fərhad və Şirin” əsərlərinin barelyefləri də Akif usta tərəfindən hazırlanıb. Müqəddəs kitabımız “Qurani-Kərim”i oxumaq üçün istifadə olunan, böyük zövqlə düzəldilmiş rəhil də ustanın hazırladığı gözəl əl işlərindən biridir. Bütün bunların ərsəyə gəlməsində qoz, fındıq, armud ağaclarından istifadə olunub.
Onu da qeyd edək ki, burada hazırlanan əl işləri Naxçıvan şəhərinin Heydər Əliyev prospektində fəaliyyət göstərən əl işləri və sənət əsərlərinin sərgi-satış mağazasında satılır.
Beləcə, qədim el sənətlərimiz yaşadılır, qorunur, hazırlanan sənət işləri muxtar respublikanın daha yaxından tanıdılmasına öz töhfəsini verir.

Telli Mustafayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR