Naxçıvanda ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti formalaşdırılıb. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi çörəyə böyük ehtiram göstərilib. Naxçıvan mətbəxinin zəngin mənzərəsi muxtar respublikamızda kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır. Ona görə də xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması istiqamətində ardıcıl işlər görülür.
Bu çərçivədə avqustun 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirliklərinin, muxtar respublikanın rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə “Naxçıvan çörəkləri” festivalı keçiriləcəkdir. Festivalda Naxçıvanda yaşayan və çörək istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər iştirak edəcəklər. Muxtar respublikanın şəhər və rayonlarında bu sahədə peşəkarlığı ilə seçilən şəxslər “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin xətti ilə festivalda təmsil olunacaqlar.
Tədbirdə Naxçıvanda bişirilən müxtəlif çörək növlərinin sərgi və satışı təşkil olunacaq, onların bişirilmə qaydası nümayiş etdiriləcəkdir. Bununla yanaşı, un məmulatlarından hazırlanan müxtəlif yemək və şirniyyat növlərinin bişirilmə qaydası da göstəriləcəkdir.
“Naxçıvan çörəkləri” festivalı çərçivəsində “Ən dadlı çörək” müsabiqəsi də keçiriləcək. Müsabiqəyə çıxarılan çörəklərin müxtəlif növləri təqdim ediləcək, dadına, keyfiyyətinə görə qiymətləndiriləcəkdir. 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin keçirilməsində məqsəd xalqımıza məxsus çörək növlərinin nümayişi, milli dəyərlərimizin, xüsusən də milli mətbəximizin özünəməxsusluğunun təbliği, bacarıqlı insanların özünüməşğulluğunun inkişaf etdirilməsidir.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı festivalda konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında imzaladığı sərəncam, 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunması öz nəticələrini verib, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Bu mənada, “Naxçıvan çörəkləri” festivalının keçirilməsi həm də qədim diyarda əsrlərboyu formalaşmış kulinariya mədəniyyətinin, milli dəyərlər sisteminin qorunub saxlanılmasına, gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Rauf Əliyev