Bu gün xalq yaradıcılığı nümunələri adlandırdığımız min illərin sınağına sinə gərmiş sənətlər və bu işlə məşğul olan sənətkarların yaratdıqları əcdadlarımızın bizə mirası, vəsiyyəti, öyüd-nəsihətidir. Təbii ki, bu mirasa sahib çıxmaq, vəsiyyətə əməl etmək, öyüd-nəsihətə qulaq asmaq bugünkü nəslin mənəvi borcudur. Xalqımız yaradıcı xalqdır. Bunu günümüzə gəlib çatmış, xalqın zəngin təfəkkürünün və təxəyyülünün məhsulu olan xalq yaradıcılığı nümunələri, yazılı və şifahi xalq ədəbiyyatı inciləri sübut edir.
Hazırda muxtar respublikada müxtəlif sənət növləri ilə yanaşı, ağacoyma sənətinin yaşadılmasına xüsusi diqqət yetirilir, bu sənətlə məşğul olan sənətkarlara dövlətimiz xüsusi qayğı göstərir, onlar üçün emalatxanalar yaradılır, maddi-texniki təminat yaxşılaşdırılır, belə sənətkarların əl işlərinin nümayiş etdirilməsi üçün tez-tez sərgi-satışlar təşkil edilir. Muxtar respublikada ağacoyma sənəti ilə çox sayda sənətkar məşğul olur. Onlardan biri də Akif Həsənovdur. Ötən günlərdə sənətkarın emalatxanasında olduq, iş şəraiti ilə maraqlandıq, ərsəyə gətirdiyi sənət əsərlərinə tamaşaçı gözü ilə baxdıq.
Akif usta dedi ki, xəttatlıq, nəqqaşlıq, xarratlıq və rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin bir sənətdir. O, insandan səbir, bacarıq, güclü yaddaş və eyni zamanda ideya tələb edir. Elə etmək lazımdır ki, hər şey ölçüsündə, tarazında, yerli-yerində olsun. Diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz.
Çoxları belə düşünür ki, quruca odun parçasıdır, qoyursan qabağına, müxtəlif eskizlər, üsullar tətbiq edirsən, olur sənət əsəri. Əsla elə deyil. Bir sənət əsərini yaratmaq üçün bəzən günlərlə düşünmək, gözlərin önünə tamamlanmış əsəri gətirmək lazım olur. Bu sənətdə orijinal fikirlər və üslublar axtarıb-tapmaq məsələnin ən vacib tərəflərindəndir.
Ağac var ustadan yumşaqlıq, mülayimlik tələb edir, ağac var sərtlik. Ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Ancaq ağac da var ki, çox çətin “ipə-sapa yatır”, insanın səbrini imtahana çəkir, istədiyin nəticəni əldə etmək çox çətin olur. Bundan başqa, hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub, hiss etmək lazımdır. Əgər qarşındakı ağacın, belə demək mümkünsə, səndən nə istədiyini hiss edib duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək.
Bu sənətlə məşğul olandan hər zaman davamçılarım olub. Hər hansı bir usta deyirsə ki, bu sənətə gənclər maraq göstərmir, nə qədər çalışıramsa, onları cəlb edə bilmirəm, məncə, o sənətkar əvvəlcə öz zəifliyini ortaya qoyur. Yaxşı, işini bilən usta öz əl işləri ilə davamçısını qazanır. Yəni ola bilməz ki, yaxşı ustanın əl işi heç kimi bu sənətə cəlb etməsin, çağırmasın. Qaldı bu sənətin sirlərini öyrətməyə, bax onda yaxşı usta bilik, təcrübə kimi zəngin xəzinəsinin qapılarını öz davamçısının üzünə açmalı, ondan heç bir şeyi gizlətməməli, davamçısı ilə ağacların dili ilə danışmalıdır. Yoxsa həmin davamçının gələcəkdə yaxşı bir usta olması mümkünsüz olar. Mənə müraciət edən hər kəsə məmnuniyyətlə bu sənəti öyrətmişəm və öyrətməyə də davam edirəm. Sənətimi davam etdirənlərdən biri elə öz oğlum Şahindir. Əl işlərinin bəzilərini onunla birgə işləmişəm. Burada, Naxçıvan Biznes Mərkəzinin xalq yaradıcılığı emalatxanasında bu nadir sənət növünün tədrisini həyata keçirirəm. Həvəsi olan, bu işi öyrənmək üçün mənə müraciət edən insanlara təmənnasız olaraq bu sənətin sirlərini öyrədirəm. Çox sevinirəm ki, gələcəkdə sənətimi yaşadacaq davamçılarım olacaq.
“Təbiət ən yaxşı sənətkardır”, – deyirlər. Çünki ondakı cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, bir ağac tikəsi də böyük ustalıqla hazırlanmış sənət incisi kimi insanoğlunu daim valeh edib.
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunan Akif usta deyir ki, göstərilən qayğıdan ruhlanaraq yeni-yeni nümunələr yaratmağa səy göstərir, sərgilərdə və el bayramlarında iştirak edir, əl əməyi, göz nuru olan məhsulları nümayiş etdirir. Müxtəlif sərgilərdə onlarla əl işinin sərgilənməsi, onlara tamaşaçılar tərəfindən böyük maraq göstərilməsi onun üçün ən böyük mükafatlardan yalnız biridir.
Fatma Babayeva