23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində qədim musiqi alətlərinin düzəldilməsi ilə məşğul olan İxtiyar Seyidovun “səntur” adlı musiqi aləti üzərində işlədiyini eşitmişdik. Bu günlərdə onunla sexdə görüşüb bu mövzuda həmsöhbət olduq, bu alət haqqında onun da fikirlərini öyrəndik:
– Səntur yatıq sazlar ailəsinə məxsusdur. Toxmaqla çalındığına görə həm simli, həm də zərb aləti sayılır. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkə­lərində geniş yayılmışdır. Ən qədim və sadə nümunələrinə Tuva və Xakasiya xalqları arasında rast gəlmək olar. Osmanlı türklərində iki növ səntur mövcud olub – alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır.

Səntur xarici görünüşünə görə trapesiyaşəkilli taxta qutuya oxşayır. Alət 9 və 12 xərəkli olaraq düzəldilir. İxtiyar Seyidov bildirdi ki, bu ilin fevral ayından səntur üzərində işləməyə başlayıb. Səs sisteminə toxunmadan onu milli atributumuz olan buta formasına salıb. Aləti “Azərbaycan sənturu” adlandırıb.
9 xərəkli Azərbaycan sənturunun ixtiraçısı olan həmsöhbətim bu alətin 12 xərəkli nümunəsini də yaratmağın gələcək planları arasında yer aldığını, bununla yanaşı, o, Naxçıvan tənburu və ovuc neyi alətləri üzərində də çalışdığını qeyd etdi. Dedi ki, bəzi qədim alətlər orkestrlə ayaqlaşa bilmir. Bu baxımdan da həmin alətlər təkmilləşdirilməlidir.
Alətlərin düzəldilməsi, təkmilləşdirilməsi sahəsində gördüyü işlərə görə 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunan, gününün çox hissəsini burada – qədim musiqi alətlərinin hazırlanma sexində keçirən İxtiyar Seyidov onu da bildirdi ki, bu gün gənclərimizin qədim musiqi alətlərinə marağının artması onu çox sevindirir. Çünki bu alətlər bizim maddi-mədəniyyət nümunələrimizin tərkib hissəsidir. Onları qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.
Bəli, milli dəyərlərimizin bir parçası olan musiqimizin, musiqi alətlərimizin tanınması çox vacib və lazımlı bir işdir. Necə ki dünyaya səs salıb hər kəsə muğamın bizə məxsus olduğunu sübut edə bildik, bizə məxsus musiqi alətlərinin təbliğini də ən yüksək şəkildə həyata keçirməli, dünyanın onları bizim milli alətlərimiz kimi tanımasına müvəffəq olmalıyıq. Bu sahədə səy göstərmək hər birimizin borcudur.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR