Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Bu, yazıçı Elçinin “Arılar arasında” dramı əsasında hazırlanan tamaşadır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovdur. Müasir həyatımızda nəsillər arasında yaranan əbədi problem, bir-birinin fikirlərini inkar etmək əsərdə öz əksini tapıb. Özünü həmişə haqlı sayan enerjili gənclik və onunla barışmayan təcrübəli yaşlı nəslin hansı haqlıdır? Bu sualın cavabını məhz “Arılar arasında” dramında tapmaq olar. Rolları Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov, aktrisalardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Nurbəniz Niftəliyeva, aktyorlardan Səyyad Məmmədov və Anar Eyvazov ifa edirlər.
Səməd Canbaxşıyev