23 Dekabr 2024, Bazar ertəsi

1924-cü ildə yaradılan Naxçıvan Dövlət Tarix Muzeyi ötən illər ərzində formalaşaraq xeyli zənginləşdirilib. Hazırda muzeyin fondunda 49 minə yaxın eksponat var. Onların 34 mindən çoxu əsas fondlarda mühafizə olunur. Muzeyin zəngin və çoxçeşidli kolleksiyaları içərisində rəsm əsərləri xüsusi yer tutur. Muzeyin fondunda 150-yə yaxın rəsm əsəri qorunub saxlanılır və onların da bir qismi ekspozisiyada nümayiş etdirilir. 

Görkəmli Xalq rəssamları Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin, rəssamlardan Eyyub Hüseynovun, Davud Kazımovun, Yuran Məmmədovun və digərlərinin əsərləri muzeyə gələn tamaşaçıların marağına səbəb olur.

Bu yazıda yuxarıda adları qeyd olunan rəssamlardan biri, Azərbaycanın Xalq rəssamı Toğrul Nəriman­­bə­y­ov­un qədim diyarımıza həsr olunmuş və 30 ildən artıq bir müddətdə Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılan və nümayiş etdirilən “İbtidai insanların məişəti”, “İbtidai insanların ov səhnəsi”, “Əlincəqalanın müdafiəsi”, “Naxçıvan orta əsrlərdə” və “Naxçıvan bazarı” adlı rəsm əsərləri haqqında oxucularımıza məlumat verəcəyik. Əvvəlcə bu möhtəşəm əsərlərin müəllifi Toğrul Nərimanbəyovun kimliyi haqqında oxuculara qısa məlumat vermək istəyirik. İstedadlı rəssam Toğrul Nərimanbəyov 1930-cu ildə anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1955-ci ildə isə Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-in Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1989-cu ildə SSRİ Xalq rəssamı adını alıb. Ölkə Prezidenti cənab İlham ­Əliyevin “Toğrul Nəriman­bəyovun 80 illik yubileyi haqqında” imzaladığı Sərəncam (22 iyun 2010-cu il) rəssamın yaradıcılığına verilən yüksək qiymətin, ona göstərilən diqqət və qayğının bariz nümunəsidir. Toğrul Nərimanbəyov həmçinin müstəqil Azərbaycanın “İstiqlal” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif edilib.
Toğrul Nərimanbəyovun yuxarıda adları çəkilən beş rəsm əsəri 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin əsas fondunda qeydiyyata alınıb. Həmin əsərlərin hamısı kətan üzərində yağlı boya ilə işlənib.

Görkəmli rəssamın muzeydəki tematik tablolardan ibarət əsərlərinə tamaşa etdikcə kompozisiya dolğunluğunun, obraz bolluğunun, zəngin koloritin şahidi oluruq.
“İbtidai insanların məişəti” əsərində hələ ibtidai icma dövründə insanların yaşam tərzi təsvir edilib. Həmin kompozisiyada odun əldə olunması, oda sitayiş, ibtidai insanların yaşadıqları mağaraların işıqlandırılmasında, ovladıqları heyvanların ətinin bişirilməsində oddan istifadə olunduğu ön planda göstərilib. Kompozisiyada ibtidai insanların od qalayıb onun əhatəsində dövrə vurması, iki nəfərin ovladığı heyvanı mağaraya gətirməsi nisbətən arxa planda təsvir edilib. Həmçinin ön planda qaya parçası üzərində yandırma yolu ilə hər hansı bir hiptoqrafik işarəni həkk etməsi səhnəsi verilib.
Toğrul Nərimanbəyov ibtidai insanların məişəti ilə yanaşı, onların əsas məşğuliyyətlərindən olan ovçuluğu da kətan üzərində təsvir edib. “İbtidai insanların ov səhnəsi” adlı əsəri bu qəbildəndir.

İbtidai dövrdə odu əldə edən insanların qidalanmasının əsas mənbələrindən biri məhz ov zamanı qazandıqları qənimətlər olub. Əsərdə insanların gecənin qaranlığında vəhşi heyvan sürülərini odla qorxutması, onları qovub dağların başından dərəyə yuvarladıb tələyə salması, sonra sümüklərdən hazırlanmış kəsici və deşici alətlərdən istifadə etmələri kompozisiyanın mərkəzində təsvir olunub.

Toğrul Nərimanbəyovun muzeyin ekspozisiyasında nümayiş etdirilən digər bir əsəri isə “Əlincəqalanın müdafiəsi” adlanır. Rəssamın bu tablosunda Əlincəqalanın ətəyində geniş bir ərazidə döyüş səhnəsini görürük. Əsərdə 14 il Əmir Teymurun qoşunlarının hücumlarına qarşı mərdliklə mübarizə aparan əlincəlilərin simasında xalqımıza məxsus məğrurluq, mübarizlik və vətənpərvərlik əzmi ifadə olunub. Uzun illər yadellilərə qarşı müqavimət göstərən Əlincəqalanın özünəməxsus əzəməti də kompozisiyada öz uğurlu həllini tapıb.
“Naxçıvan bazarı” adlı əsərində Toğrul Nəriman­bəyov kətan üzərində bazar kompozisiyasını canlandırmaqla bərabər, burada xalqımızın məişətini və etnoqrafiyasını da məharətlə göstərə bilib. Bərəkətli Naxçıvan torpağında yetişdirilən meyvə və tərəvəzlərin, naxçıvanlı xalçaçılar tərəfindən toxunan xalçaların, kilimlərin və palazların, ustaların hazırladıqları dulusçuluq və misgərlik məmulatlarının təsviri bu bölgədə sənətkarlığın inkişafından xəbər verir. Kompozisiyada yüklü dəvələrin təsviri isə İpək Yolu üzərində yerləşən Naxçıvanda ticarətin inkişafının göstəricisidir.
Rəssamın “Naxçıvan orta əsrlərdə” adlı əsəri doğma diyarımızın qədim tarixi və mənzərəsi haqda çox şey deyir və tamaşaçıda bu əfsanəvi yurd yeri haqqında gözəl duyğular yaradır. Kompozisiyanın mərkəzində dəvə karvanı ilə hərəkət edən sarvan təsviri əsrarəngiz Şərq dünyasının nağılını xatırladır. Əsərin fonunda isə qədim Şərq memarlığı üslubunda inşa edilmiş köhnə binalarla yanaşı, Naxçıvanqala və “İmamzadə” kompleksi də təsvir olunub. Səmaya ucalan dağların zirvələri buludlarla əhatələnib. Rəssam Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri dəqiqliklə göstərməyə çalışıb.
Göründüyü kimi, Toğrul Nərimanbəyovun çoxşaxəli yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Yuxarıda da qeyd etdiyimiz kimi, onun Naxçıvanla bağlı yaratdığı rəsm əsərlərində Naxçıvanqala və Əlincəqala da təsvir olunub. Vaxtilə müdafiə məqsədilə istifadə edilən bu qalalarda son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə elmi-tədqiqat və bərpa işləri aparılıb, onların yerləşdikləri ərazilərdə abadlıq tədbirləri həyata keçirilib. Bu gün istər Naxçıvanqala, istərsə də Əlincəqala ərazisində yaradılan muzeyləri ziyarət edən hər kəs Naxçıvan tarixində öz yeri olan bu qalalar haqqında ətraflı məlumatlar əldə edə bilir.
Toğrul Nərimanbəyovun yaradıcılığını dərindən öyrənməyə səy göstərən bələdçilərimiz muzeyə gələn tamaşaçılara Naxçıvan tarixinin müxtəlif dövrləri barədə verdikləri məlumatları rəsm əsərləri ilə əlaqələndirməklə həmin məlumatları daha da zənginləşdirməyə çalışırlar.


Nizami RƏHİMOV
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar
mədəniyyət işçisi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR