Bu yaxınlarda Bakıda “Elm və təhsil” nəşriyyatında Azərbaycanın görkəmli maarifçi-ziyalısı, yazıçı-publisist, eyni zamanda folklorşünas və tərcüməçi Eynəli bəy Sultanovun (1866-1935) publisistik yaradıcılığı küll halında nəşr olundu. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin tərtib etdiyi və nəşrə hazırladığı, Eynəli bəy Sultanovun tədqiqatçısı Elxan Məmmədovun redaktoru olduğu “Eynəli bəy Sultanov: Publisistika” kitabında görkəmli publisistin müxtəlif illərdə qələmə aldığı, dövrünün ayrı-ayrı qəzet və jurnallarında dərc olunan məqalələri toplanmışdır. Qeyd edək ki, Eynəli bəy Sultanov Azərbaycan, fars, ərəb, yunan, latın və rus dillərini mükəmməl bilirdi. Onun qəzetçilik fəaliyyətinin böyük bir qismini də Tiflisdə və Bakıda nəşr olunan rusdilli mətbuatda çap olunan məqalələri təşkil edir. Haqqında danışdığımız kitabda da məhz Eynəli bəy Sultanovun rus dilində nəşr olunan məqalələri toplanmışdır.
Kitab haqqında danışmazdan əvvəl bildirək ki, E.Sultanov 1887-ci ildən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlıq etmişdir. Çox güclü publisist olan E.Sultanov haqqında aşağıdakı bir fikri xatırlatmaqla onun hansı səviyyəli mətbuat insanı olduğunu təsəvvür edə bilərik. XIX əsrin sonları, XX əsrin əvvəllərindəki ədəbi-mədəni mühitin əhatəli tədqiqatçılarından olan Aida Feyzullayeva E.Sultanovdan bəhs edərkən qeyd edir ki, “Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan XX əsrin ilk 20 illiyinə qədər demokratik Azərbaycan publisistikasının keçirdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir”.
İlk qələm təcrübələrini gənclik illərində “Tərcüman”da çap etdirən E.Sultanov sonralar rus dilində nəşr olunan bir sıra qəzetlərdə, Azərbaycan dilində çap olunan “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin qəzetin əlavəsi olan “İşıq yol”da), “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” (1932-ci ildən sonra “Yeni qüvvə” adı ilə çıxanda belə), “Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış etmişdir. Hətta müxtəlif illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmiş, eyni zamanda “Zakavkazskaya reç” qəzetinin “müsəlman qəzetlərindən tərcümə” sahəsində çalışmışdır.
Yuxarıda adıçəkilən mətbuat orqanlarında E.Sultanov məqalələrini 20-dən çox fərqli imzalarla dərc etdirmişdir.
Haqqında bəhs etdiyimiz kitaba akademik İsa Həbibbəyli geniş bir ön söz yazmışdır. Həmin ön sözdə də E.Sultanovun publisistik yaradıcılığı öz layiqli qiymətini almış, müxtəlif sahələri əhatə edən məqalələrinin ictimai-siyasi, mədəni və maarifləndirici keyfiyyətləri ön plana çəkilərək təhlil edilmişdir. Həmin ön sözdə tərtibçinin də qeyd etdiyi kimi “Eynəli bəy Sultanovun publisistikasında əsas yeri Qafqaz və Şərq xalqlarının həyat tərzi tuturdu. Bu problemə istinadən o, öz xalqının dərd-sərini, problemlərini də qabardırdı. Onun publisistikasında teatr, jurnalistika, folklor, bədii yaradıcılıq, tərcüməçilik, yeni əlifbanın yaranması yer alırdı. Bu, onun əsl milli ziyalı olduğunu ortaya qoyurdu”. Ön sözdə o da vurğulanır ki, Eynəli bəy Sultanovun XX əsr mətbuatında qələmə aldığı məqalələrində Azərbaycançılıq önə çəkilirdi. Bu istiqamətdə Cəlil Məmmədquluzadə ilə birlikdə hərəkət edən Eynəli bəy Sultanov Azərbaycançılığı Zaqafqaziya mətbuatında mütəmadi olaraq təbliğ edirdi.
Yüksək poliqrafik keyfiyyətlə hazırlanan 470 səhifəlik kitabda görkəmli publisistin 250-yə yaxın məqaləsi toplanaraq geniş oxucu auditoriyasının istifadəsinə verilmişdir.
Eynəli bəy Sultanov irsindən danışarkən bir məqama da diqqəti yönəltmək vacibdir. Ötən il ədibin anadan olmasının 150 illiyi tamam oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 15 fevral 2016-cı il tarixdə “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı. Qeyd olunan sərəncamdan sonra Eynəli bəy Sultanovun tanıdılması istiqamətində böyük işlər həyata keçirildi. Belə ki, sağlığında 1904-cü ildə İrəvanda “Tatarka”, 1926-cı ildə isə Tiflisdə “Seyidlər” hekayəsi kitab şəklində dərc olunan ədibin ölümündən sonra, sadəcə, 1966-cı ildə 12 hekayədən ibarət olan əl içi boyda bir kitabçası nəşr olunmuşdu.
Sərəncamdan sonra ötən ilin aprel ayında tərəfimizdən “Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” dissertasiyası AMEA-nın Folklor İnstitutunun Dissertasiya Şurasında müdafiə edildi, ədibin 33 hekayəsinin yer aldığı “Eynəli bəy Sultanov: Hekayələr” kitabı nəşr olundu. Həmçinin indiyədək görkəmli ədibin həyat və yaradıcılığı haqqında dissertasiya müdafiə etmiş iki alimin, “İzzət Maqsudov: Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” və “İradə Əsədova: Eynəli bəy Sultanovun yaradıcılıq yolu” monoqrafiyaları nəşrə hazırlanaraq çap edildi.
Bunlarla yanaşı, muxtar respublikanın ali təhsil müəssisələri və elm ocaqlarının birgə təşkilatçılığı ilə ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirildi, “Naxçıvan” jurnalının bir nömrəsi bütövlükdə maarifçi ziyalıya həsr edildi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Onun həyat amalı” adlı sənədli film çəkildi. Və nəhayət, ötən ilin dekabrında ədibin 150 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd olundu.
Görülən işlərin davamı olaraq akademik İsa Həbibbəyli tərəfindən toplanan, tərtib edilərək nəşr edilən publisistik məqalələr Eynəli bəy Sultanovun daha əhatəli öyrənilməsi və tanıdılması istiqamətində həyata keçirilən böyük tədqiqatçılıq və vətəndaşlıq nümunəsidir.
Eynəli bəy Sultanovun publisistikasında qabartdığı məsələlər, irəli sürdüyü fikirlər, bir əsrdən çox müddəti əhatə edən tarixi dövr haqqındakı yazılar təkcə Eynəli bəy Sultanovun publisistik fəaliyyətinin öyrənilməsi cəhətindən yox, həm də Azərbaycan mətbuat tarixinin, mədəniyyət tarixinin, bütövlükdə müəyyən bir dövrü öyrənmək baxımından da qiymətlidir. Bu baxımdan belə bir nəşrin ərsəyə gəlməsi böyük əhəmiyyətə malikdir.
Publisist Flora Xəlilzadə hələ bir neçə il bundan əvvəl qələmə aldığı bir məqaləsində qeyd edir ki, “yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim, vətənpərvər fədai. Bütün bu məziyyətlərin və keyfiyyətlərin hamısını öz şəxsində birləşdirən Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmayıbdır”.
Bu kitab Eynəli bəy Sultanovun publisistikasının ümumi mənzərəsi haqqında ətraflı fikir sahibi olmaq baxımından dəyərli mənbə olduğu kimi, görkəmli ziyalının publisistik fəaliyyətinin elmi cəhətdən tədqiqinə də geniş zəmin yaradacaqdır.
Elxan Yurdoğlu