Böyük yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 148-ci ildönümü münasibətilə ədibin Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açıb.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin “Cəlil Məmmədquluzadə və Azərbaycançılıq”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadə və klassik ədəbi irsimiz” mövzularında çıxışları olub.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşri məsələlərinə böyük diqqət, qayğı göstərirdi. 1994-cü il dekabrın 18-də Bakıda Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində burada ev-muzeyi açılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində də Cəlil Məmmədquluzadənin ev-muzeyi yaradılıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub, böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib. Bakıda və Naxçıvanda ədibin heykəlləri ucaldılıb.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Əli Rzayev