“Atasının, anasının əlini öpdü, halallaşdı, “salamat qalın!” – dedi. Təpəgözün olduğu Salaxana qayasına gəldi”.
Sivilizasiyasının ilkinliyini bu gün də qoruyub saxlayan çoxlu sayda tarixi abidələr var ki, onlardan biri də mağaralardır. Azərbaycanda belə mağaraların sayı kifayət qədərdir. Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Zəngilan, Gədəbəy, Göygöl, Şamaxı və Füzulidə aşkar edilmiş mağaraların yaşı minilliklərə gedib çıxır.
Naxçıvan Muxtar Respublikasında yerləşən, qədim tarixi abidəmiz olan, “Kitabi-Dədə Qorqud”un “Basatın Təpəgözü öldürdüyü boyu”nda adıçəkilən Salaxana mağarası da bunlardan biridir.
AMEA-nın müxbir üzvü, mərhum Səfərəli Babayevin müəyyən etdiyi indiki Babək və Şərur rayonlarının qovuşduğu ərazidə yerləşən Salaxana mağarası Naxçıvanın qədim tarixinə nəzər salmaq üçün güzgüdür.
Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud” dastanında Təpəgözün iki mağaradan – böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Akademik İsa Həbibbəyli bu barədə yazır: “Kitabi-Dədə Qorqud”un həmin boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir edilən Günortac yer adının da Salaxana – Qazma mağaraları ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox ehtimal ki, Salaxana qayası, bütövlükdə, Təpəgözün oğuzların arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan ərazinin ümumi adıdır”.
Səfərəli Babayev də Babək rayonunun dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan mağarasının olduğunu yazırdı: “Salaxana mağarası Salaxana qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla vuruşduğu Salaxana mağarası quruluşuna görə Qazma mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat, ərzaq anbarı təəssüratı yaradır”.
Salaxana Babək rayonu ərazisində təbiət abidəsidir. Xalq arasında da bu adla tanınır. “Naxçıvan Abidələri Ensiklopediyası”nda Salaxan yurdu və Salaxana mağarası barəsində oxuyuruq: “Salaxana dərəsi və ətrafı mürəkkəb tektonik quruluşa və relyefə malikdir. 4 kilometrə qədər uzanan konvoyları, çətin keçilən struktur terraslı Salaxana dərəsi və onu əhatə edən bölgə, əsasən, sahəvi, pelitomorf, nazik təbəqəli və gilli-qumlu əhəngdaşlarından, gildən və konqlomeratlardan ibarətdir. Vahimə doğuran dərənin sonunda, sağ tərəfdə, qayaların arasında iki mağara var”.
“Kitabi-Dədə Qorqud” da həmin məkanın adı belə çəkilir: “Basat deyir: “Mütləq gedəcəyəm!” Qazan deyir: “Özün bilərsən”. Atası ağlayıb deyir: “Oğul, ocağımı sahibsiz qoyma, rəhm elə, getmə!” Qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da qurşandı. Yayını qoluna saldı. Ətəklərini yığışdırdı. Atasının, anasının əlini öpdü, halallaşdı, “salamat qalın!” – dedi. Təpəgözün olduğu Salaxana qayasına gəldi. Gördü ki, Təpəgöz arxasını günə verib yatır”.
Alman şərqşünası Fridrix fon Ditsin qənaətinə görə, Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşidib və Polifemin əsas həyatını oradan alıb. Kim bilir, o, bəlkə, əfsanəni hər hansı bir oğuz qəbiləsindən eşidib.
Bu müqəddəs torpağın hər qarışını gəzmək, dolaşmaq, hər daşı, qayası tarix olan yerləri görmək, tarixin səsinə qulaq asmaq, dövrün nəfəsini duymaq dünənimizi öyrənmək baxımından hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir. Elə məkanlar axtarmaq, tapmaq, qorumaq, gələcək nəslə ötürmək də eləcə. Salaxana mağarası da Naxçıvan torpağının böyük əhəmiyyət daşıyan tarixi məkanlarından biridir. Bununla fəxr etməklə qalmayıb, sirli həqiqətləri öyrənməyə çalışmalıyıq. Çünki bu həqiqətlər bizim şərəfli tariximizin daş səhifələridir.
Nərgiz İsmayılova