23 Dekabr 2024, Bazar ertəsi

Ərəb xilafətinin parçalandığı dövrdə yeni yaranan feodal dövlətləri bir-biri ilə ərazi üstündə çəkişirdilər. Bundan istifadə edən feodallar mülkün sahibi tabeliyində olan torpaqları müstəqil idarə etməyə cəhd edir və müstəqil olmağa çalışırdı. Belə mülk sahiblərindən biri də Əmir Əbu Duləf idi. Əbu Duləf adına ilk dəfə IX-X əsrlər ərəb müəlliflərinin əsərlərində rast gəlinir. Duləfilər xanədanı Həmədanla İsfahan arasında olan yerlərə sahib idi.

X əsrin 80-ci illərində ölkədə yaranmış siyasi vəziyyətlə əlaqədar Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu – “Naxçıvanşahlıq” meydana gəlir. Naxçıvanşahlıq ərəb xilafətinin süqutundan sonra təşəkkül tapmış Azərbaycan feodal dövlətlərindən biri idi. Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmişdir. Naxçıvanşahlıq adlanan feodallığın təşəkkülü Rəvvadilər dövlətinin adı ilə sıx bağlıdır. Bu feodallığın başında Əbu Duləfilər sülaləsinin nümayəndələri dururdu. Duləfilərin idarə etdiyi, Ordubadla Əylis arasında yerləşən Qoğtən əmirliyinin hakimi Əbu Duləf 982-ci ildə Salarilərin son nümayəndəsi Dvin hakimi Əbül Hica ibn İbrahimi məğlubiyyətə uğradaraq, Dvin, Naxçıvan və digər şəhərləri tutur və Basfurracan da daxil olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. Lakin o, buna nail ola bilmir, ancaq onun nəvəsi Əbu Duləf sonralar Dvini yenidən tutur və “Naxçıvanşah” titulunu qəbul edərək şahlığı idarə edir. Bu feodal dövləti Naxçıvan, Qoğtən (Qoltan, Ordubad, Əylis) əmirliyi və Dvin ərazisini əhatə edirdi. Naxçıvanşahlıq 80 ilə yaxın (983-1065/66) mövcud olmuşdur. Qeyd etməliyik ki, Əbu Duləf “xüsusi xidmətlərinə görə” Yusif ibn Əbu-s Sacın köməyi ilə Naxçıvan və Qoğtənə sahib olmuşdu. Lakin M.Şərifliyə görə Əbu Duləf tutduğu yerləri 987-ci ilə qədər əlində saxlaya bilmişdi, 987-988-ci illərdə Əbu Duləfin qoşunu Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə uğradılır. Nəticədə Əbu Duləfin ələ keçirdiyi torpaqlar Rəvvadilər tərəfindən geri alınır, 988-ci ildə Rəvvadi hökmdarının ölümü Əbu Duləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsi üçün şərait yaradır. N.Vəlixanlı qeyd edir ki, “Əbu Duləfin adı çox uzun, təqribən, 77 il müddətinə tarixi qaynaqların səhifələrindən çıxır və yalnız XI əsrin 60-cı illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan Qətran Təbrizinin və Tusdan olan Əli Əsədinin əsərlərində görünür”. Qətran Təbrizinin qəsidələrində, Əsədi Tusinin “Gərşasbnamə” əsərində Əbu Duləf “ədalətli şahənşah”, “Naxçıvan şahı”, “ölkələr hakimi” kimi adlandırılır. R.Məmmədov, M.Şərifli, V.Piriyev və digər tarixçilər Naxçıvanşahlığı müstəqil feodal dövlət kimi tədqiq etsələr də, N.Vəlixanlı bunu “müstəqil dövlət deyil, Şəddadilər dövlətinin tərkib hissəsi olduğu, bu dövlətin Gəncə-Naxçıvan (Arran) əmirliyinə tabe olduğunu qeyd edir. Müəllifin fikrincə, Duləfilərin idarə etdikləri Naxçıvan dövlət deyil, feodal hakimlərin idarə etdikləri şəhər və ya vilayət idi. Duləfilərin idarə etdiyi Naxçıvan bu dövrdə Şəddadilər dövlətinin tərkibində bir əmirlik idi. XI əsrdə hakim sülalə olan Əbu Duləfilər Naxçıvanda iri feodallar hesab olunurdular.
Naxçıvanşah Əbu Duləf Azərbaycan hakimi Rəvvadi Vəhsudan ilə dost olub, onunla hərbi ittifaqa girmiş, rumlulara (Bizansa) və başqa düşmənlərə qarşı birgə vuruşmuşlar. Rəvvadi hökmdarı əmir Vahsudanla Şəddadi hökmdarı Əbülhəsən II Ləşkəri arasında əldə edilmiş dostluq və ittifaq, sözsüz ki, duləfilərin hakimlik etdikləri Naxçıvanda əmin-amanlığın bərpası üçün şərait yaratmışdı. Rəvvadilərlə qohumluq əlaqələri olan Duləfilərin idarə etdiyi Naxçıvan bu dövrdə də Şəddadilərə tabe idi.
Naxçıvanşahlığın son dövrü haqqında məxəzlərdə məlumata təsadüf edilməmişdir. Yalnız bu məlumdur ki, Səlcuq hökmdarı Alp Arslan (1063-1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra, 1064-cü ildə Naxçıvana yiyələnmiş və buradan Ani şəhərinə hücum edərək onu tutmuşdu. M.Şəriflinin fikrincə, “Alp Arslan Naxçıvan şahlığını ləğv edərək, Səlcuq dövlətinə tabe etmiş, Naxçıvana öz əmirini təyin etmişdi”. N.Vəlixanlıya görə isə “Naxçıvan əmirliyi sultan Alp Arslanın bu əmirliyi ləğvindən sonra da Şəddadilər dövləti süqut edənədək (1075) onun tərkibində qalmışdır”.

 Mənbə: "Naxçıvan Tarixi"

  çoxcildliyinin I cildi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR