23 Dekabr 2024, Bazar ertəsi

Təqdimat mərasimini giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Naxçıvan ərazisi tarix və mədəniyyət abidələri ilə çox zəngin olan bir diyardır. Belə abidələrdən Möminə xatın, Yusif Küseyir oğlu, Darkənd türbələrini, Əlincəçay xanəgahını, Qarabağlar Türbə Kompleksini və onlarla nadir sənət incilərini qeyd edə bilərik. Həmin abidələr içərisində Gülüstan türbəsinin öz yeri və mövqeyi var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq edilməsi haqqında” 7 oktyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Gülüstan türbəsi tədqiq və bərpa edilib.

Qeyd olunub ki, Gülüstan türbəsi Azərbaycan miqyasında az tədqiq olunan abidələr qrupuna aiddir. Bu, onunla əlaqədardır ki, abidə üzərindəki kitabələr bizə gəlib çatmadığından onun haqqında müfəssəl məlumatlar əldə etmək mümkün olmayıb. Lakin 8 oktyabr 2015-ci ildə yaradılan tədqiqat qrupunun üzvləri bəzi məlumatlar toplaya bilib və həmin məlumatlar bu kitaba daxil edilib. Əsərdə türbə, onun quruluşu, ornament bəzəkləri, naxışları haqqında məlumat verilir, müxtəlif tədqiqatçıların türbənin tikilmə tarixi haqqındakı fikirləri müqayisə edilir. Əcəmi Naxçıvaninin istifadə etdiyi həndəsi ornamentlərin izlərinin bu türbədə də olduğunu əsas götürən müəlliflər onun XII əsrin sonlarında tikildiyi haqqında fikirlərini ümumiləşdirirlər. Türbədə dəfn olunanın kimliyinə yenə də mənbələrə istinad edilməklə aydınlıq gətirilib. Övliya Çələbinin məlumatından aydın olur ki, sərdabədə dəfn olunan şəxsin qəbirüstü abidəsi üzərində “Hüseyn Baykaranın oğlu, arzusuna çatmayan Bahadır Şəfad” sözləri yazılıb. Bu faktdan istifadə etməklə türbədə dəfn olunanın kimliyi üzə çıxıb. Hüseyn Baykara Əmir Teymurun nəslindən olan Xorasan hökmdarı olub. XV əsrin 70-ci illərində Heratda hakimiyyətə gəlib. Onun oğlu Bahadır Şəfad Naxçıvanda vəfat edib və burada əvvəlcədən mövcud olan simvolik türbənin sərdabəsində dəfn edilib.
Əsərdə Gülüstan kəndinin etno­qrafiyasına da geniş yer verilib. Məqalələr toplusunun axırıncı məqaləsi Gülüstan türbəsinin ətrafından toplanmış keramika məmulatlarına və onların təhlilinə həsr edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, “Gülüstan türbəsi” kitabının təqdimatı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümünə təsadüf edir. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

“Naxçıvan Muxtar Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olub. Naxçıvan Muxtar Respublikası tarixin heç bir dövründə indiki qədər inkişaf etməyib. Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçib. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda real həyatda, şəhər və rayon mərkəzlərimizin, kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti sayəsində muxtar respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılıb, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı artırılıb”, – deyən Rəhman Məmməd­ov vurğulayıb ki, son illər muxtar respublikamızda tarixi abidələr də dövlət qayğısı ilə əhatə olunub. Onların pasportlaşdırılması, bərpası, tədqiqi və təbliği sahəsində ardıcıl tədbirlər görülür, abidələrə yeni həyat verilir. Belə abidələrdən biri də Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan XII əsrə aid Gülüstan türbəsidir.
Türbə uzun müddət, xüsusilə keçən yüzillikdə baxımsız qalaraq unudulmuş, buna görə də təbii qüvvələrin təsirindən güclü aşınmalara məruz qalmışdı. Həmin vaxt kiçik istisnalar nəzərə alınmazsa, türbə sistemli və hərtərəfli tədqiq olunmamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 7 ok­tyabr 2015-ci il tarixli Sərəncamına əsasən Gülüstan türbəsində bərpa işləri aparılaraq tarixiliyi saxlanılmaqla möhtəşəmliyi özünə qaytarılıb. Yüksək səviyyədə bərpa olunaraq yeni həyat verilən, Azərbaycan memarlığının möhtəşəm nümunələrindən olan Gülüstan türbəsi muxtar respublika əhalisinin, həmçinin muxtar respublikaya gələn qonaqların Azərbaycan mədəniyyətinin gözəl nümunəsi kimi ən çox ziyarət etdiyi abidələrdən birinə çevrilib.
Tədqiqat qrupu türbənin tarixi ilə bağlı yeni faktlar aşkara çıxarıb, abidənin memarlıq formaları, ətraf ərazinin arxeologiyası, etno­qrafiyası, tarix və memarlıq abidələri, keramika məmulatı haqqında məlumatlar toplayıb, onlar əsasında türbə və ətraf ərazilərlə əlaqədar araşdırmalar aparıb.
Vurğulanıb ki, bu gün təqdimatı keçirilən “Gülüstan türbəsi” kitabı da məhz həmin tədqiqat qrupunun apardığı araşdırmaların nəticələrini özündə əks etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin türbənin bərpası ilə bağlı imzaladığı sərəncamın mətni, Gülüstan türbəsi, onun tarixi, memarlıq xüsusiyyətləri, türbə ətrafındakı tarix-memarlıq abidələri və etnoqrafiyası haqqında məlumatlar verilib, türbənin bərpadan əvvəl və bərpadan sonrakı şəkilləri yer alıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşayır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıb, xalqımıza tanıdılmayıb, təbliğ edilməyib. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının nəticəsi, Naxçıvanın muxtariyyətinin uğurlarıdır.
Rəhman Məmmədov “Gülüstan türbəsi” kitabının təqdimatı münasibətilə tədbir iştirakçılarını təbrik edib, elm adamlarına uğurlar arzulayıb.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun çıxışları olub. Çıxış edənlər Gülüstan türbəsi haqqında ətraflı məlumat veriblər, muxtar respublikada tarixi abidələrə göstərilən diqqət və qayğıya, bu türbənin bərpasına, “Gülüstan türbəsi” kitabının və son illərdə onlarla belə əsərin nəşrinə görə elm adamları adından Ali ­Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR