23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Kirman Abdinin Məmməd Araz poeziyasına həsr etdiyi qrafika janrında çəkdiyi əsərlərinin əsasında çap olunmuş “Məmməd Araz qrafik albomu”nun təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, Məmməd Araz yaradıcılığı Kirman Abdin üçün hər zaman maraqlı olub. O, Məmməd Araz yaradıcılığına 3 aspektdən yanaşıb, bu görkəmli şairi həyata gülən, həyatda qəm çəkən və həyatda düşünən aspektdə göstərməyə çalışıb. Onun üçillik zəhmətinin bəhrəsi hədər getməyib. Şairin odda qovrulmuş misralarının hərarətini rəssam bədii təxəyyülü ilə duyub, gözəl tablolar yaradıb və məqsədinə nail olub. Kirman Abdinin bədii axtarışları və Məmməd Araz poeziyası ilə üst-üstə düşən, bədii estetikliyi ilə diqqəti cəlb edən “Dünya heç kimin”, “Şəhriyar gəlmədi”, “Qayalara həkk olmayan söz itər, Bu bahardan o bahara iz itər” və digər tablolarda Məmməd Araz poeziyasının nəhayətsizliyini və rəssam təxəyyülünün çalarlarının vəhdətini görmək və sezmək mümkündür.

Qeyd olunub ki, şairin “Bu gecə yuxumda Arazı gördüm” şeirindəki fəlsəfi duyumun qrafik görüntüsünü təsvir etmək rəssamdan güclü yaradıcılıq tələb edir və Kirman Abdin bu gücü özündə tapa bilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov bu albomun hazırlanmasını ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sənət və sənət adamlarına göstərilən qayğının ifadəsi kimi dəyərləndiriblər.
Sonra rəssamın bu mövzuda yaratdığı əsərlərdən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR