Ötən il yaradılmasının 35 illiyi qeyd olunan Şərur Rayon Xalq Teatrının muxtar respublikada teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr bu illər ərzində hazırladığı müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayıb. Xalq teatrının “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”, “Çimnaz xanım yuxudadır”, “Quyruqlu ulduz”, “Rəhmə gəl, mələyim”, “Qısqanc ər”, “Ac həriflər”, “Yuxu” və başqa tamaşaları teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Dələduz” kiçikhəcmli komediyası ədibin vəfatından sonra onun arxivindən tapılaraq 1954-cü ildə ilk dəfə nəşr edilib. Fransız xalq dramı olan “Cənab Pantelen” əsərinin süjet xəttindən iqtibas edilən “Dələduz” komediyasının mövzusu tacir həyatından götürülüb. Lakin komediyada milli kolorit də nəzərə alınıb. Tacir mühitindəki fırıldaqçılığın ifşası komediyanın əsas ideyasını təşkil edir.
“Dələduz” komediyasının əsas qəhrəmanı Mirzədadaş (aktyor Nemət İslamoğlu) işi və peşəsi olmayan, fırıldaqçılıqla yaşayan bir dələduzdur. Mirzədadaş tacir Məcidin (aktyor Arif Nağıyev) beş yüz manatlıq malını yeyən Qurbanəliyə (aktyor Məhərrəm Əbilsoy) məhkəmədə udacağını yarı bölmək şərtilə vəkil olur və məhkəmədə qurduğu hiylə ilə işi “cavabdehin” xeyrinə kəsdirir.
“Dələduz” tamaşasında daha maraqlı cəhət divanbəyinin (aktyor Nəsimi Məmmədzadə) işə çox yüngül yanaşması və ədalətsiz bir qərar çıxarmasıdır. Divanbəyi həm axmaq, həm də ədalətsiz bir hakim təsiri bağışlayır.
Tamaşa, əslində, bir əsr bundan əvvəlki cəmiyyətin məhkəmə sistemində olan qanunsuzluqları göstərir və tənqid edir. O dövrün eybəcərliklərini və eyiblərini tənqid etməklə bərabər, fırıldaqçılığı, dələduzluğu da ifşa edən bu tamaşada aktyorların ifaları gülüş doğurur. Aktyorların ifa tərzi tamaşaçıda xoş təəssürat yaradır. Görkəmli dramaturq bu əsərdə həm də pul düşkünlərinin canlı surətlərini yaradıb və onları ifşa edib. Gülcahan (İlkanə Cavadlı) və Fərraş (Nurəli İsmayılov) surətləri də komediyada maraqlı personajlardır.
Tamaşanın rejissoru Nemət İslamoğlu, musiqi tərtibatçısı Elçin İsmayılov, tərtibatçı rəssamı isə Arif Nağıyevdir.
Gülüşdoğuran səhnələrlə zəngin olan və realist dramaturgiyamızın az müraciət olunan bu nümunəsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Əli Rzayev