Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Respublikamızın hər bir bölgəsinə xas olan yüksək mətbəx mədəniyyəti bunun bariz nümunəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası da özünəməxsus mətbəxi ilə fərqlənir. Arxeoloji qazıntılar zamanı muxtar respublika ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölməktipli qab qırıntıları, keramika məmulatları, dulusçuluq nümunələri və bu gün mətbəximizdə işlədilən avadanlıqlar Naxçıvanın mətbəx mədəniyyəti tarixinin çox qədimlərə dayandığını sübut edir.
Naxçıvan diyarının mətbəx mədəniyyətində bu bölgəyə xas olan yeməklər nənələrimizin yaradıcılıq dünyasının genişliyindən xəbər verir. Qədim diyarımızın mətbəx mədəniyyətində rəngarənglik, müxtəlif əşyaların işlənməsi, qida məhsullarının çoxluğu min illər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyinin, qorunaraq, yad təsirlərə müqavimət göstərərək bu günə gəlib çatdığının sübutudur. Ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularının da əlavə olunması isə insanlarımızın mənəvi zənginliyinin göstəricisidir.
Heç kəsə sirr deyil ki, yeməyin dadlı və ləziz olması üçün vacib olan amillərdən biri onun hansı qabda hazırlanmasıdır. Bu həqiqəti qəbul edən insanlar bu gün saxsı qablardan istifadəyə üstünlük verirlər. Ötən günlərdə Naxçıvan şəhər sakini, 75 yaşlı Ruqiyyə Rzayevanın evinə qonaq gedərkən də bunun şahidi oldum. Həyətə daxil olarkən hazırlanan yeməyin ətri məni valeh etdi. Ruqiyyə nənədən yeməyin bu qədər ətirli olmasının səbəbini soruşduqda o, bunu belə izah etdi ki, həmişə ət yeməklərini saxsı çölməkdə hazırlayır və buna görə də bu qədər ətirli, dadlı olur. O, süfrə açaraq məni yeməyə dəvət etdi. Etiraf edim ki, bu günə qədər belə dadlı yemək yeməmişdim. Söhbət əsnasında Ruqiyyə nənə dedi ki, bir vaxtlar bu saxsı qablara ət qovurması, pendir, süd, qaymaq, yağ, bal yığar, qışlıq ərzağı saxlayardılar. Bu qabların üstün cəhətlərindən biri də budur ki, saxlanılan yemək uzun müddət öz keyfiyyətini itirmir. Qablar gildən hazırlandığı üçün mayeni sərin saxlayır.
Mütəxəssislərin dediyinə görə, bu gün mətbəximizi bəzəyən müxtəlif metallardan olan məişət əşyaları sağlamlığımıza təhlükə yaradır. Dünya alimləri aparılan tədqiqatlar nəticəsində müəyyən ediblər ki, bu gün yeməklərin hazırlanmasında geniş istifadə etdiyimiz alüminium qabların tərkibində orqanizmə mənfi təsir göstərən metal qarışıqlar var. Təbii ki, bunlardan istifadə insan sağlamlığına ziyan verə bilər. Alüminium qabların tərkibində təhlükəli maddələr, qurğuşun da ola bilər. Bunlar isə yeməyə qarışaraq orqanizmimizə daxil olur. Onun təsirini vaxt keçdikcə hiss edirik. Belə ki, alüminium məişət əşyaları istifadə edən insanlarda ürək-damar patologiyası yaranır. Tibbi cəhətdən araşdırdıqda aydın olur ki, saxsı qablar günümüzdə daha çox yayılan xəstəliklərin, xüsusilə də şəkər xəstəliyinin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
İndi bir çoxlarımızın evini, mətbəxini xarici ölkələrin istehsalı olan məişət əşyaları bəzəyir. Ancaq təəssüflər olsun ki, nədənsə evlərimizdə saxsı məişət əşyalarından istifadə etmirik. Halbuki öz insanlarımızın əl əməyinin, göz nurunun məhsulu olan saxsı əşyalardan istifadə bizə daha çox fayda verə bilər.
Bu gün muzeylərimizi saxsıdan hazırlanan maddi-mədəniyyət nümunələri bəzəyir. Muxtar respublikada milli dəyərlərimizə, el sənətlərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, dulusçuluq emalatxanaları yaradılır, bu emalatxanalarda hazırlanan məhsullar mətbəxlərimizə yol tapır, hədiyyəlik əşya kimi turistlər tərəfindən müxtəlif ölkələrə aparılır.
Bəli, bu sənət incilərinə mətbəximizdə daha geniş yer verməklə qədim sənəti yaşadıb gələcək nəsillərə ötürə, sağlamlığımızı qoruya bilərik.
Nail Əsgərov