Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin tədbirlər planına əsasən muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 1 noyabr 2016-cı il tarixdə start verilmiş “Naxçıvan – doğma yurdum” mövzusunda müsabiqədə Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonları üzrə 186 məktəbli iştirak edib.
Müsabiqəyə qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin abadlıq və quruculuq həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər də təqdim edilmişdi.
Qeyd edək ki, bundan əvvəl muxtar respublikanın bütün bölgələrində rayon mərhələləri keçirilib. Hər bir rayon üzrə keçirilən müsabiqədə adıçəkilən nazirliklərlə bərabər, muxtar respublikanın Rəssamlar Birliyinin nümayəndələri də münsiflər heyətinin tərkibində qiymətləndirmə aparıblar. Qaliblər diplomlarla təltif edilib, fərqlənən iştirakçılar isə fəxri fərmanlara layiq görülüblər. Muxtar respublika müsabiqəsində Ordubad, Şərur rayonlarından daha çox məktəbli iştirak edib.
Bu günlərdə muxtar respublika mərhələsi başa çatan müsabiqədə iştirak etmiş məktəblilərin 8 nəfəri I dərəcəli, 16 nəfəri II dərəcəli, 16 nəfəri III dərəcəli, 16 nəfəri isə fərqlənmə diplomuna layiq görülüblər. Qaliblərə fəxri fərmanlar verilib.
Əli RZAYEV