23 Dekabr 2024, Bazar ertəsi

Xalçaçılıq ta qədim zamanlardan Azərbaycanda çox sevilən bir sənət sahəsi kimi bu gün də yaşadılır. Bu incə sənətin nümunələri insanlara gözəllik bəxş edir, onların zövqünü oxşayır. Eyni zamanda xalçalar Azərbaycan mədəniyyəti haqqında, bir növ, informasiya daşıyıcısıdır. Bu sənət nümunələrində istər Azərbaycan təbiətinin əsrarəngizliyi, qeyri-adiliyi, istərsə də bu təbiət daxilində yaşayan Azərbaycan insanının qəlbinin, ruhunun gözəlliyi, incəliyi öz əksini tapıb. 

Muxtar respublikamızda da bu sahədə çalışan insanlar var. Onların əl işləri müxtəlif tədbirlərdə sərgilənir və qiymətləndirilir. Naxçıvan şəhərində xalçatoxuma ilə məşğul olan qadınlardan biri də Züriyyə Musayevadır. Bəhs etdiyimiz mövzu ilə bağlı onunla söhbətləşirik.
Müsahibim deyir ki, orta məktəb illərindən toxuculuğa maraq göstərib. Ancaq o vaxtlar, sadəcə, sapla toxuma növünü bacarıb. Artıq 6-7 il olar ki, xalçatoxuma ilə məşğul olan Züriyyə Musayeva bildirir ki, bu sahədə heç bir yerdə təhsil almayıb. Xalça toxunuşunda bildiklərini nənəsindən öyrənib.

– Əksər insanlar xalçaları buta, həndəsi naxışlarla toxuyur, lakin mən süjetli, yəni üzərində konkret bir təsvir əks olunan xalçalar toxumağı daha çox sevirəm. Buna görə də daim rəssamlarla əlaqə saxlayır, onlara rəsm sifarişləri verirəm. Onlardan rəsmi təhvil aldıqdan sonra onu özüm dəqiqliklə çeşniləyirəm, – deyən Züriyyə bildirir ki, xalçada, əsasən, orta hissəyə, yəni xalçanın göl hissəsinə daha çox əhəmiyyət verir, onun üzərində qüsursuz işləməyə çalışır. Xalçalarda kənardan ortaya doğru sıralasaq, su, muncuq, yelən və göl hissələri olur. Mən isə xalçadakı süjet asanlıqla qavranılsın deyə bir çox hallarda bu sıralama qaydasına əməl etmirəm. İstəyirəm ki, əl işlərimə nəzər yetirən insanlar elə ilk baxışdan onun üzərində olan mənanı qavrasın.
– Xalça toxumaq üçün hansı alətlərdən istifadə olunur? – sualımıza o, belə cavab verir: – İlk olaraq hana qurulur. Sonra onun üzərində əriş hazırlanır. Ərişi arxadakı ox adlanan uzun taxta üzərinə qoyurlar ki, iplərin hamısı düz, eyni olsun. Bundan sonra hər ilmənin öz rənginə görə saplar bir-bir toxunulur. Kirkid isə xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir. Bir ilmənin səhv toxunması belə, o saat gözə çarpır. Buna görə də xalçatoxuma çox incə və diqqət tələb edən bir işdir. Bu işdə rəng seçimi də çox vacibdir. Rənglər bir-birini tamamlamalıdır.
Xalçatoxumada istifadə olunan bıçaqların iplərin sıxlığından asılı olaraq müxtəlif növləri var. Sıxlıq dedikdə 10 santimetrə yerləşən ilmələrin sayı nəzərdə tutulur. Yəni 10 santimetrə 40 ilmə yerləşən xalçanın sıxlığı 40 olaraq hesablanır. Hazırda üzərində işlədiyim dolça təsvirli xalça sona çatmaq üzrədir. Xalçaya axırıncı ilmələr vurulmaqla toxuma işi yekunlaşır, xalçanı kəsmək üçün hazırlıq işləri aparılır. Bunun üçün bir neçə çərək arğac ipi əriş taylarının arasından keçirilərək kirkid və həvə ilə möhkəmcə döyəclənib aşağı oturdulmaqla bərkidilir. Sonra daranaraq qayçı vasitəsilə əriş ipliklər kəsilir ki, xalçanın üstü hamar olsun. Bu xalçanı toxuduqdan sonra isə bir palaz toxumağı qərarlaşdırmışam. Palaz xovsuz xalça tipinə aiddir. Buna baxmayaraq, Haça dağı ortaya çıxarmağı düşünürəm. Fərqli bir görünüş yaradacağımı güman edirəm. Ümumiyyətlə, bu sahədə bir neçə ideyam var. Mən, sadəcə, həvəskar kimi bu işlə məşğul oluram. Bu işdə o qədər həvəsliyəm ki, onunla məşğul olduğum zaman vaxtın necə keçdiyindən xəbərim belə, olmur. Boş vaxtlarımı, demək olar ki, sadəcə, xalça toxumaqla keçirirəm və bundan böyük zövq alıram. Bir az çətin və səbir tələb edən bir iş olsa da, çox istərdim ki, muxtar respublikamızda bu işi icra edənlərin sayı get-gedə artsın. Bu sənət bizə nənələrimizdən qalan mirasdır və nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çıxıb. Hər bir Azərbaycan qadınının xalça toxumaq barədə müəyyən bir təsəvvürünün olmasının nəyi pisdir ki?
Bəli, Züriyyə Musayeva haqlıdır. Necə ki bu gün hamı xalça toxumağı bacarmır, heç şübhəsiz ki, bu, gələcəkdə də belə olacaq. Bu, normal haldır. Amma biri var nəyisə bacarmayasan, biri də var ki, o barədə, ümumiyyətlə, təsəvvürün olmaya. Birinə nəsə öyrədə bilməyə bilərik, lakin əgər istəsək, qarşımızdakına o haqda müəyyən məlumatlar aşılaya bilərik. Düşünəndə ki, bu gün istənilən sahədə məlumatlanmaq üçün kifayət qədər mənbələr var, deməli, bu, o qədər də çətin bir iş deyil. Lap elə götürək muzeyləri. Dünənimizi gələcəyə ötürən mənbə hesab olunan muzeylərdə hər şey dolğunluğu ilə öz əksini tapıb. Eləcə də muxtar respublikamızda xalçalar, onların növləri, toxunması və tarixi barədə maariflənmək istəyənlər üçün Naxçıvan Dövlət Xalça Muzeyinin qapısı hər kəsin üzünə açıqdır.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR