Muxtar respublikamızda fəaliyyət göstərən muzeylərə sakinlər tərəfindən eksponatların təqdim edilməsi bir ənənəyə çevrilməkdədir. Bu, qədim tariximizi özündə yaşadan muzeylərimizin zənginləşdirilməsində, belə mədəniyyət müəssisələrinə ziyarətçi axınının gücləndirilməsində, xalqımızın öz təfəkkür süzgəcindən keçirməklə yaratdığı müxtəlif əl işlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Növbəti belə bir tədbir Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib.
Ordubad rayon sakinləri Zenfira Quliyeva və Əyyar Səfərov tərəfindən muzeyə yundarağı, su kuzəsi, müxtəlif küplər, mis qablar, neft lampası, toxuculuq məmulatları və sair olmaqla, 18 eksponat verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, bu gün muzey işçilərinin qarşısına böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri, tələbələr, gənclər, həmçinin şagirdlər, taksi sürücüləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Təkcə ötən il muxtar respublikanın muzeylərini 320 mindən çox insan ziyarət edib.
“Son bir il ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılıb. Bu işdə muxtar respublika sakinləri bizə yaxından köməklik göstərirlər”,– deyən Natəvan Qədimova bildirib ki, 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub.
Natəvan Qədimova mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlığını ifadə edib, maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Ordubad rayon sakinləri Zenfira Quliyevaya və Əyyar Səfərova təşəkkürünü bildirib.
Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov, eksponatları muzeyə təqdim edənlər Zenfira Quliyeva və Əyyar Səfərov çıxış edərək rayonda maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən tədbirlərdən danışıblar. Bildiriblər ki, muxtar respublikanın bütün sakinləri kimi, Ordubad ziyalıları da maddi-mədəniyyət nümunələrinin toplanmasında fəal iştirak edirlər. Çünki muzeylərin fəaliyyətinin canlandırılmasında bu mədəniyyət müəssisələrinin zənginləşdirilməsi əsas məsələlərdən biridir. Ona görə də hər bir vətəndaş fəal təşəbbüskarlıq göstərməli və qədim məişət əşyalarını muzeylərə təqdim etməklə bu işə öz töhfəsini verməlidir.
Əli Rzayev