Ötən şənbə günü “Gənclik”Xalq Teatrı Naxçıvan şəhərindəki Zabitlər evində yazıçı-dramaturq Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasının motivləri əsasında hazırlanmış “Qəşəmin yuxusu”tamaşasını əsgər və zabitlərə təqdim edib.
Tamaşadan əvvəl bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrı 1973-cü ildən Naxçıvan Şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlayıb, 1978-ci ildə kollektivə xalq teatrı statusu verilib. Teatrın səhnəsində müxtəlif illərdə maraqlı səhnə əsərləri oynanılıb. “Ezop”, “Bəxtsiz cavan”, “Ölülər”, “Kamança”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” və başqa pyeslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatrın səhnəsində vaxtilə maraqlı obrazlar yaratmış aktyor və aktrisaların çoxu Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməklə bu gün də teatr səhnəmizə öz töhfələrini verirlər. Xalq teatrının kollektivi müxtəlif illərdə ölkəmizin paytaxtı Bakı şəhərində, respublikanın Mingəçevir, Şamaxı, Qazax, Zaqatala və digər rayonlarında qastrol səfərlərində olub.
“Qəşəmin yuxusu” tamaşasındakı hadisələr ötən əsrin 30-40-cı illərində cəhalət və xurafatın hökm sürdüyü bir mühitdə baş verir. Əsl dinin mahiyyətini bilməyən, əhalinin cahil və savadsız təbəqəsinin avamlığından faydalanan və müqəddəs dini dəyərləri anlamayan, insanların sadəlövhlüyündən istifadə edərək öz mənafeyini düşünən Molla Qılınc (Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev) fırıldaqçı, yalnız özünü düşünən, dini dəyərləri qazanca çevirən bir tipdir. Əslində, Molla Qılınc M.F.Axundov, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev və başqa böyük yazıçılarımızın əsərlərində rast gəldiyimiz fırıldaqçılığı din pərdəsi altında həyata keçirən surətlərin bir nümunəsidir. Zaman dəyişdikcə bu tiplər də buqələmun kimi sifətlərinin rəngini dəyişib yeni mühitə uyğunlaşırlar. Molla Qılınc həbsxanadan yenicə azad olunmuş Ataxanı (aktyor Yusif Əliyev) öz təsiri altına salır. Başqa bir mənəvi şikəst Qəşəmdir. Qəşəm (aktyor Akif Əsədov) varına və puluna arxalanaraq çirkin bir əmələ əl atır, Ataxanın arvadı Sərvinazla (aktyor Zülfiyyə Zeynalova) ailə qurmaq istəyir. Ataxan mənəvi cəhətdən kor bir məxluqa çevrilib əxlaqi düşkünlüyünü ortaya qoyur. Tamaşanın başqa qadın surəti İstiqraz (aktyor Maral Rzayeva) da bu hadisələrin iştirakçısıdır. Çox az personaj və surətin olduğu tamaşa mərhum yazıçı və dramaturqumuz Məhərrəm Əlizadənin başqa pyeslərində olduğu kimi sağlam gülüş elementləri ilə zəngindir. Əslində, o dövrün cəhalət mühitini anlamaq baxımından tamaşadakı rollar təbii və canlıdırlar. Aktyorlar rollarının öhdəsindən bacarıqla gələrək satirik gülüş yarada biliblər.
Qeyd edək ki, “Qəşəmin yuxusu” tamaşasının quruluşçu rejissoru Akif Əsədov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.
Tamaşa əsgər və zabitlərimizdə xoş ovqat yaradıb və alqışlarla qarşılanıb.
Hərbi hissə rəhbərliyi əsgər və zabitlərə göstərilən mədəni xidmətə görə kollektivə minnətdarlığını bildirib.
Əli Rzayev