23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı rolundan bəhs edib. Bildirilib ki, dil millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Vurğulanıb ki, dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir.

Universitetin Azərbaycan dilçi­liyi kafedrasının müdiri, dosent Qənirə Əsgərova “Azərbaycan dilinin təsir dairəsi” adlı məruzəsində qeyd edib ki, müxtəlif tarixi proseslər nəticəsində xalqların dilləri yaxınlaşıb, sözlər bir dildən başqa dilə keçib.
Qənirə Əsgərova hazırda dünya dillərində işlənən Azərbaycan mənşəli sözləri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filo­logiya elmləri doktoru Sədaqət Həsənova “Dilimiz milli sərvətimizdir” adlı məruzəsində müasir dövrümüzdə teleradio verilişlərində, qəzet və jurnallarda yol verilən ciddi sintaktik, üslub və yazı səhvlərindən söz açaraq belə halların aradan qaldırılması istiqamətində əməli tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Qalibə Hacıyeva da mövzu ilə bağlı fikirlərini bildirib.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi isə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR