Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında növbəti “Lira” musiqili-intellektual oyunu keçirilib.
Oyun başlanmazdan əvvəl komandalar arasında seçim turunun keçirilməsi haqqında məlumat verilib. Bildirilib ki, burada ən çox bal toplayan 4 komanda, II mərhələdə isə 3 komanda iştirak edəcək. Hər mərhələdə iştirakçılara 25 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas turunda iştirak etmək hüququ qazanacaqlar.
Oyunda “Turan” (Babək Rayon Uşaq Musiqi Məktəbi), “Rast” (Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi), “Segah” (Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbi), “Alleqro” (Naxçıvan Şəhər Uşaq İncəsənət Məktəbi), “Əlincə” (Culfa Rayon Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi), “Xəmsə” (Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi), “Arazbarı” (Şərur Rayon Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbi) komandaları yarışıb.
Əsas tur hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçirilib və 3 mərhələdən ibarət olub. Birinci mərhələdə görkəmli bəstəkarların həyat və yaradıcılığı barədə, II mərhələdə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, III mərhələdə isə şagirdlərə ümumi musiqi dünyagörüşünə dair suallar verilib. Hər sualın düzgün cavabı 100 balla qiymətləndirilib.
Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Rast” komandası I, “Əlincə” komandası II, “Turan” komandası III dərəcəli diploma layiq görülüb.
Xəbərlər şöbəsi