Belə bir deyim var ki, musiqi insanları birləşdirir, musiqi sərhəd tanımır. Bəli, bu, doğrudan da, belədir. İnsanların musiqi barədə tək fərqliliyi, sadəcə, janr seçimidir. Yəni elə bir insan tapılmaz ki, musiqini sevərək dinləməsin. Bütün insanlar musiqinin ona ruhən yaxın olan müəyyən bir janrını seçir və həmin janra aid nümunələri dinləməkdən zövq alır. Keçmişə ötəri bir nəzər salaq. Qədim zamanlardan bu günümüzə qədər gəlib çatmış qaynaqlarda qeyd olunur ki, əmək mahnıları insanların yorğunluqlarını yaddan çıxarmaq məqsədilə məhz elə ağır şəraitdə çalışan həmin insanlar tərəfindən yaradılaraq iş prosesində istifadə olunurdu. Bildiyimiz kimi, folklorun bir növü olan xalq mahnılarının hamısı bax belə yaradılıb, xalqın yaradıcılıq məhsulu olaraq dildən-dilə keçərək təkmilləşib, zamanla nota köçürülərək xalqın mədəni mirası kimi əbədiləşdirilib. Bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, musiqi insanın mənəvi tələbatından yaranıb.
Musiqinin insanlara təsir gücü barədə müxtəlif mənbələrdə, xüsusilə də qədim yunan əfsanələrində kifayət qədər materiallar var. Həmin əfsanələrin birində qeyd olunur ki, məlahətli səsi olan Orfey öz səsi ilə allahları ram edir, beləliklə, qarşısında olan maneələri aradan qaldırırdı.
Musiqinin insan həyatında sahib olduğu mühüm yerlərdən biri də onun sağlamlığımızda müəyyən rol oynamasıdır. Ondan sinir-psixi xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.
Hələ Antik dövrlərdə musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar vardır. Bu faktlarda nəfəslə çalınan alətlərin səsi ilə ruhi xəstələrə öz əvvəlki sağlamlığına qovuşduğu, insanların hirsini və qəzəbini lirada çalıb oxumaqla soyutduğu, həkimlərin zəhərli ilan çalmış adamlara musiqidən zəhərə qarşı vasitə kimi istifadə etməyi məsləhət gördüyü və sair kimi məlumatlar yer alıb.
Hippokrat və Pifaqor öz xəstələrini musiqi ilə müalicə edərək onları sağlamlıqlarına qovuşdurublar. Dövrümüzdə isə elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir. Musiqi stresi azaldır, ona ağrıkəsici vasitə kimi təsir göstərir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir və sair.
Hazırda musiqidən ağrını, qorxunu, gərginliyi azaltmaq, orqanizmin tonusunu yüksəltmək, depressiyanı aradan götürmək üçün istifadə olunur. Musiqini dinləyən adamın diqqəti artır, əmək qabiliyyəti yaxşılaşır. Beyin neqativ emosiyalara enerji sərfini dayandırır, insanın ümumi ovqatı tədricən sabitləşir və o, rahatlıq tapır.
Mövzu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov ilə həmsöhbət oluruq. O deyir:
– Ruhi xəstələrin bədii yaradıcılığı diqqət mərkəzində olsa da, incəsənətin insan orqanizminə təsiri bir elm kimi XX əsrin 20-ci illərində araşdırılıb. Bu, artterapiya adlanır. “Art” incəsənət, “terapiya” müalicə deməkdir. Bu termindən ilk dəfə 1938-ci ildə istifadə edilib.
Artterapiyanın əsas məqsədi pasiyentə uyğunlaşmanın, yəni adaptasiyanın səviyyəsinin artırılmasıdır.
Musiqi terapiyası da artterapiyanın bir növüdür. O, insan orqanizminə və psixikasına musiqinin kliniki təsiridir. Musiqi terapiyası musiqi, psixologiya, təbabət və psixologiyanın vəhdətindən yaranan psixoterapevtik üsuldur. Bu üsul vasitəsilə insanda fiziki, emosional, ünsiyyət, əqil, sosial olmaqla, 5 psixi sferaya təsir edilir.
Musiqi terapiyası aktiv və passiv olmaqla, iki qrupa ayrılır. Aktiv musiqi terapiyasında pasiyentlər özləri də musiqi alətlərində ifa edir, mahnı oxuyur, rəqs edirlər. Bu zaman nitq inkişaf edir, artikulyasiya yaxşılaşır, sosial ünsiyyət formalaşır. Passiv musiqi terapiyası zamanı isə pasiyentlər, sadəcə, musiqi dinləyirlər.
Bu terapiyanın müalicə üsulu kimi yaşdan, sağlamlıq vəziyyətindən asılı olmayaraq, bütün insanlarda tətbiq olunmasına əks təsiri yoxdur. Onun əqli, fiziki qüsurlu insanlarda tətbiqi olduqca effektlidir. Xüsusilə də ahıl insanlarda beyin qan dövranı pozğunluğu, parkinson kimi xəstəliklərdə, damar mənşəli ağıl zəifliklərində musiqi terapiyasından dərman müalicəsi ilə yanaşı istifadə edilir.
Rəşadət Nabatov onu da qeyd etdi ki, hazırda Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində də musiqi terapiyası dərman müalicəsi ilə yanaşı aparılır. Günün müəyyən saatlarında xəstələr mərkəzləşmiş qaydada sakitləşdirici musiqi dinləyirlər. Xəstələrin zövqündən asılı olaraq təyin olunan musiqi onlara daha da effektiv təsir göstərir.
Psixoloq Şahnaz Məmmədovanın musiqi terapiyası haqqında dediklərindən:
– İnsan psixologiyasına təsir göstərən amillərdən biri də musiqidir. O, insanın əhval-ruhiyyəsini yüksək dərəcəyə qaldıra da bilər, sıfırlaya da. Buna görə də günün hansı yarısında necə bir musiqiyə qulaq asmağımıza diqqət yetirmək vacib şərtdir. Günün ilk saatlarında lirik mahnılara qulaq asmaq məsləhətli deyil. O, insanın gün ərzində faydalı iş əmsalını aşağı salır. İnsan günə enerjili, nikbin göz açır. Buna görə də o, dinamik musiqilərə qulaq asmaq istəyir. İstirahət zamanı həzin, melodiyasında rahatlıq tapdığımız musiqilərə qulaq asmaq olar.
Bugünkü gənclərdə eqoizmin, aqressivliyin olmasında onların dinlədikləri musiqi janrının da payı var. Məlumdur ki, onların əksəriyyəti rep, meyxana, rok janrlarında olan nümunələrə qulaq asırlar. İnsan eyni mahnıya dəfələrlə qulaq asırsa, həmin mahnının sözlərindən bir ssenari qurub onu öz beynində canlandırır və ən acınacaqlı obrazda isə özünü təsəvvür edir. Şüuraltında yaranan təlqin nəticəsində isə həmin insan bir müddət sonra düşündüyünü gerçək həyatda da yaşayır. İnsan özünü nəyə inandırsa, o da olur. Buna görə də nə düşündüyümüzə fikir verməli, özümüzü mənfiliyə kökləməməliyik. Uşaqlıqdan ana laylası ilə böyüyən bir nəsil birdən-birə sözlərində etiraz duyulan bir mahnı eşitdiyi zaman bu, onda maraq yaradır və bu maraq həmin insanda alışqanlığa çevrilir.
Psixoloji problemləri olmayan insanların xalq mahnılarına qulaq asmağı çox yaxşıdır. Çünki xalq mahnılarımız bizi doğruluğa, düzgünlüyə, mehribanlığa, vətənpərvərliyə səsləyir. Bəzən tərbiyəvi əhəmiyyətli bir xalq mahnısına qulaq asdığımız zaman heç özümüz də fərqinə varmadan ondan nəsə öyrənirik. Qısaca, hər bir xalq mahnısı bizə mütləq nəsə öyrədir. Məsələn, götürək elə muğamlarımızı. Hansı ladda olmasından asılı olmayaraq, muğam insanda xoş xatirələr oyadır. Əgər qürbətdəyiksə, ən kədərli məqamda – “Humayun”da səslənən vətən haqqında bir muğamı dinləsək, o, bizə mütləq vətənlə bağlı xoş xatirələri xatırladacaq. Klassik musiqilər insanı ruhən də kamilləşdirir.
Bəli, yuxarıda qeyd edilənlərdən də aydın olur ki, musiqi, sadəcə, bizim gündəlik həyatımızda istifadə etdiyimiz bir şey deyil, o eləcə də bizi psixoloji baxımdan kamilləşdirən bir vasitədir. Digər vərdişlərimiz kimi, musiqi dinləmə vərdişimizi də vaxtında düzgün istiqamətləndirməliyik ki, onun ovqatımızı yüksəldən təsirini görək.
Fatma BABAYEVA