23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, görkəmli yazıçının yubileyi muxtar respublikada qeyd olunmuş, həyat və yaradıcılığı haqqında geniş tədqiqatlar aparılmışdır. Bununla da, unudulmaqda olan ziyalımız daha geniş şəkildə ictimaiyyətə təqdim olunmuş, xalqımız qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. 

Eynəli bəy Sultanovla bağlı araşdırmaların davam etdirilməsi, xüsusilə də görkəmli ziyalının həyat və fəaliyyətinin Tiflis dövrünün geniş tədqiq olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. 1908-ci ildə Naxçıvandan Tiflisə köçən və ömrünün sonuna qədər bu şəhərdə yaşayan ədibin həyatının bəzi məqamlarının araşdırılmasına böyük ehtiyac vardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına uyğun olaraq Gürcüstan Milli Arxivində və Gürcüstan Parlamentinin Kitabxanasında araşdırmalar aparılmış, Eynəli bəy Sultanovla bağlı bir sıra sənədlər aşkarlanmışdır. Tapılan yeni sənədlərin bəziləri o dövrdə rus dilində nəşr olunan və illik ümumi statistik yekunlara həsr olunmuş sənədlərdən ibarət “Qafqaz təqvimi” məcmuəsində (1909, 1912, 1913, 1914-cü illər üzrə) yer almışdır.

Məlum olmuşdur ki, Eynəli bəy Sultanov həmin dövrdə Tiflisdə yaşamasına baxmayaraq, həm də Qars məhkəməsi hakiminin baş köməkçisi vəzifəsində çalışmışdır. Bu yerdə bir dəqiqləşdirməyə ehtiyac yaranır. Əvvəlki tədqiqatlardan aydın olur ki, Eynəli bəy Sultanov 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə təşkil edərək burada müxtəlifməzmunlu bəyannamələr çap etdirmişdir. Lakin bundan xəbər tutan iri torpaq sahibləri, fanatik dindarlar Eynəli bəy Sultanovu qorxulu şəxs elan etmiş, qəza rəisinin göstərişi ilə o, təqib olunmuşdur. Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə qalan ədib Qars şəhərinə gedərək özü üçün iş axtarmış, bir neçə ay Qars şəhər idarəsində rütbəsiz məmur işləmişdir. Əldə olunan yeni sənədlərdə Eynəli bəy Sultanovun 1909-1912-ci illərdə də Qars məhkəməsi hakiminin baş köməkçisi vəzifəsində fəaliyyət göstərməsi onun bioqrafiyasında yeni fakt kimi diqqəti cəlb edir.
Əldə olunan sənədlərdən biri də o dövrdə Tiflis sakinlərinin yaşadığı ünvanların siyahısıdır. Əlifba sırası ilə tərtib olunmuş bu siyahıda Eynəli bəy Sultanovun da adı vardır. Sənəddə yazıçı-pedaqoqun Tiflis şəhərinin Sumbatov küçəsi 11 ünvanında yaşadığı qeyd olunur.
“Qafqaz təqvimi” məcmuəsinin 1914-cü ildə nəşr olunmuş hesabatında isə Zubalov adına xalq evi yanında Azərbaycan dram şöbəsinin təsis edilməsi göstərilib. Burada Eynəli bəy Sultanovun həmin dram şöbəsinin katibi vəzifəsinə təsdiq olunması öz əksini tapıb. Bu sənədin üzə çıxarılması Eynəli bəy Sultan­ovun bioqrafiyasındakı bir faktın dəqiqləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə ki, bu günə kimi ayrı-ayrı tədqiqatlarda Zubalov adına xalq evi yanında Azərbaycan dram şöbəsinin təsis edilməsi tarixi 1909-cu il kimi göstərilirdi. Amma arxiv sənədindən də göründüyü kimi, bu dram şöbəsinin yaranma tarixi 1909-cu il yox, 1913-cü ilə aiddir.
Arxiv sənədlərindən biri isə 1941-ci ildə nəşr olunmuş “Gürcüstanda rus dövri mətbuatının biblioqrafiyası (1828-1920-ci illər)” adlanır. “Daxili İşlər Nazirliyi Müəssisələri” nəzarətində nəşr olunan biblioqrafiyada bir neçə yerdə Eynəli bəy Sultanovun adına rast gəlinir. Burada görkəmli ədibin Tiflis dövrü fəaliyyətinin bir sıra vacib məqamları, həmçinin ayrı-ayrı qəzet və jurnallarla əməkdaşlığı öz əksini tapıb.
Əldə olunan arxiv materiallarında rast gəlinən bir fakt isə Eynəli bəy Sultanovun Tiflis dövrü fəaliyyətində yeni səhifə kimi diqqəti çəkir. Həmin sənəddə göstərilir ki, Eynəli bəy Sultanov, Akunov, Kazançeva (adları göstərilməyib) və Tiflisin digər görkəm­li pedaqoji qüvvələri ilə birlikdə 1913-cü ildə rus dilində “Qafqaz məktəbi” (“Кавказская школа”) adlı aylıq jurnal nəşr etməyə başlayıb. Lakin 3 nömrədən sonra jurnalın dövriliyində fasilələr yaranmış, 4-5 və 6-7-ci nömrələr birlikdə nəşr edilmişdir. 1913-cü ilin avqust ayından isə maddi dəstək olmadığından jurnalın nəşri dayandırılmışdır. Arxiv sənədində o da göstərilir ki, jurnalın ilk üç nömrəsi bu gün də Gürcüstanın Dövlət Kütləvi Kitabxanasında saxlanılır.
Əldə olunan yeni arxiv material­ları bir daha təsdiq edir ki, görkəmli yazıçı-publisist və maarifçi Eynəli bəy Sultanovun həyat və fəaliyyətinin hələ çox araşdırılmamış məqamları var. Göstərilən dövlət dəstəyi bundan sonra da Eynəli bəy Sultanov haqqında yeni arxiv sənədlərinin üzə çıxarılmasına imkan verəcəkdir. Bu da gənc tədqiqatçıları daha fədakarlıqla və məsuliyyətlə çalışmağa sövq edir.

Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR