23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Kəmaləddin Naxçıvani, Nəcməddin Naxçıvani, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəzlullah Nəimi kimi alim və mütəfəkkirlərin yetişib formalaşdığı yurd yeridir. Bu yazımızda sizə onların götürdükləri təxəllüs, nisbə, ad və titullardan söhbət açacağıq.
Təxəllüs nədir? Təxəllüs (ərəbcədən tərcüməsi, təxmis edilmiş, yəni götürülmüş ad), adətən, şairlərin, yazıçıların, rəssamların və digər yaradıcı sənət adamlarının işlətdikləri obrazlı ləqəbdir. Təxəllüslər müxtəlif şəraitdə meydana çıxır. Naxçıvanın tarixinə, ədəbiyyatına müraciət etdikdə bu torpaqda yaşayan bir çox mütəfəkkirin “Naxçıvani” təxəllüsünü götür­düyünü görürük.
Naxçıvanilər və Hinduşahlar. Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvani, İzzəddin Naxçıvani Əbülfəzl Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən-Naxçıvani, Əkmələddin Naxçıvani, Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani, Molla Məhəmməd Naxçıvani, Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvani, Fazil Naxçıvani və başqaları “Naxçıvani” titulunu daşıyan görkəmli şəxsiyyətlərdir. Bu təxəllüs onlar tərəfindən hansı məkandan gəldikləri, harada doğulduqları bütün cahana agah olsun deyə qəbul edilib.

Orta çağlarda bütün Şərqə şöhrəti yayılan “Naxçıvani” soyadına malik alimlərin əsərləri bu gün Avropanın diqqətini çəkir. İstedadlı ədəbiyyatçı, bacarıqlı dövlət xadimi Fəxrəddin Hinduşah ibn Səncər ibn Əbdullah ən-Naxçıvani fars və ərəb dillərində gözəl şeirlər yaradıb. Bu şeirlərdə onun Naxçıvana olan dərin sevgisi gözlər önünə gəlir, götürdüyü təxəllüsün heç də təsadüfi olmadığını sübut edir:

Ya Rəbb, Ey xaleqe məkan o zaman,
Morsəl o monzəl nəbiyo pəri,
Məne dərviş ra bebəxş qəni,
Məne delriş ra farest şəfi.
Bare digər cenanke mətlubəst,
Berşanem bexəttaye Nəşəvi.

Şeirin tərcüməsi belədir: “Ya rəbb, ey məkanı və zamanı yaradan, Peyğəmbəri göndərən, Quranı göydən endirən. Mən dərvişə güc bəxş et, mən ürəyi yaralıya şəfa göndər. Bir arzum odur ki, məni Nəşəva xəttinə (yəni Naxçıvan hüdudlarına) çatdırasan”.
Naxçıvanilər nəsli böyük və sanballı bir tədqiqat əsərinin mövzusudur. Çünki bu nəsildən indiyə qədər öyrənilməmiş bir çox şəxsiyyətlər, o cümlədən Rza Naxçıvani, Abbas Naxçıvani, Əli Naxçıvani, Mirzə Cabbar Vaiz Naxçıvani, Murtuza Rəssam Naxçıvani, Həsən Naxçıvani və başqaları çıxıb.
Ordubadilər. Bəşir ibn Hamid ibn Ordubadi, Ətiq Ordubadi, şair Mirzə Abdulla Əfsər Ordubadi, şair Münşi Mirzə Zeynalabdin Ordubadi (XVI-XVII əsrlər), tanınmış söz ustası Naci Ordubadi, Əbül-Qasim Ordubadi, Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi, Şahhüseyn Ordubadi, Ziyai Ordubadi, Hatəmbəy Ordubadi, Sadiq bəy Ordubadi, Hatif İsfəhani (Ordubadi), Məmməd Səid Ordubadi kimi görkəmli şəxsiyyətlərin qəbul etdikləri “Ordubadi” təxəllüsü də tamamilə məkanla bağlılığı ifadə edir. Füsunkar gözəlliyi ilə dillər əzbəri olan qədim Ordubad tarixdə də, günümüzdə də sanballı alimlər, dövlət xadimləri, mütəfəkkirlər, ədəbi simaların yurdu olub. “Ordubadi” təxəllüsü də orta əsrlərdən başlayaraq günümüzə qədər ən çox istifadə olunan təxəllüslərdən biri kimi yadda qalıb.
Naxçıvanskilər. Naxçıvanski Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kalbalı xan Kəngərli, onun oğlu Ehsan xan Kəngərlinin daşıdıqları soyad olaraq tarixdə qalıb. Naxçıvanskilərin tarixdə ad qoymuş nümayəndələri çoxdur: Ehsan xan Kəngərli-Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Kalbalı xan Naxçıvanski, Hüseyn xan Naxçıvanski, Cəfərqulu xan Naxçıvanski, Ehsan xan Naxçıvanski, Cəmşid Naxçıvanski…
Naxçıvan xanları Kəngərlidir. Bəs Kəngərlilər kimlər olublar?
Kәngәrli nәsli 6000 illik tarixә malik olub, ilk dәfә adları Şumerlә әlaqәli çәkilib. Şumerlәrin öz adı Kәngәr olub, Şumer adını isә onlara akkadlar verib. Kәngәrlәr mixi yazını yaradıb, ilk arabanı düzәldib, Orta Asiyada Kanq dövlәti (e.ә. IV әsr), Azәrbaycan Salarilәr dövlәti (X әsr) vә Naxçıvan xanlığının (XVIII әsr) әsasını qoyub. Bu gün Fars körfәzi adlanan әrazi әsrlәr boyu Kәngәr körfәzi adlanıb.
Tarixçi-şair Aqil Kәngәrli bu barədə yazır: “Kәngәrlilәr döyüşkәn, işgüzar, uzun müddәt aclığa dözәn adamlardırlar, hәrbçidirlәr. Qonaqpәrvәr, dostluqda möhkәmdirlәr. Lakin heç vaxt tәhqir vә incidilmәyә dözmürlәr vә yaddan çıxarmırlar. Çox mәğrur vә qürurludurlar”. (Viktor Qriqoryev “Naxçıvan әyalәtinin statistik tәsviri” kitabı (1833).
Şahtaxtinskilər (Şahtaxtlılar). Bu kənd onlara miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman Şahtaxtı – öz ata-baba yurdları ilə öyünüblər. Mənbələrdə qeyd olunur ki, İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtlı familiyasını daşıyırıq”. Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı şəhərlərində, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmayıblar. Şahtaxtlılar nəslinin görkəmli nümayəndələrini gəlin birlikdə tanıyaq: Behbud ağa Şahtaxtinski – tanınmış diplomat; Məhəmməd ağa Şahtaxtlı – publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim; Adilə Şahtaxtinskaya – Azərbaycanın tibb sahəsində ilk qadın professorlarından biri; Elmira Şahtaxtinskaya – Xalq rəssamı; İsasultan Şahtaxtinski – alim, jurnalist və ictimai xadim; Məhəmməd Şahtaxtinski – fizika-riyaziyyat elmləri doktoru, professor; Toğrul Şahtaxtinski – kimya elmləri doktoru, professor; Həbibulla Şahtaxtinski – kimya elmləri doktoru, professor; Həmid bəy Şahtaxtinski – maarifçi, pedaqoq; Əbülfət ağa Şahtaxtinski – hərbçi, ictimai xadim; Leyla Şahtaxtinskaya – xaricdə təhsil almış ilk azərbaycanlı qadın...
Bundan başqa, Naxçıvanda Bəktaşilər, Mirişlilər və sair kimi nəsillər, sülalələr var. Onlar Naxçıvanın tarixinə, elmi-siyasi mühitinə bir çox yeniliklər gətirib, bu qədim diyarın cahanın nəqşinə çevrilməsində böyük xidmətlər göstərib və göstərirlər.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR