Naxçıvan teatrında uzun illər öz sənət bacarığı, istedadı ilə tamaşaçıların sevimlisinə çevrilən Xədicə Qazıyeva ömrünü bu teatra həsr edən Xalq artisti Sofya Hüseynovanın anası, Naxçıvan teatrının təkrarolunmaz sənətkarı, Xalq artisti Rövşən Hüseynovun nənəsidir. Bu gün Naxçıvanda çox az ailə var ki, üç nəsil bir sənətin davamçılarını yetişdirsin.
Bu ailənin sənət ənənəsinin banisi Xədicə xanım 1920-ci illərdə Bakıda teatrda fəaliyyət göstərib. Elə həmin illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac vardı. Xədicə Qazıyevanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırıb. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rollarını ya kişilər, ya da qeyri-millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verilib. Muxtariyyət illərində isə Bakıdan qadın aktrisalar teatra dəvət alıblar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Həmin vaxtlar Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirib. İstedadı ilə seçilən aktrisanın ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilyanı, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı oynayıb. Onun oynadığı rolların sayı 200-ə çatır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu, anasını heyrətləndirməyib. Çünki o, qızının istedadına yaxşı bələd idi.
Sofya Hüseynova 1926-cı ilin 17 fevralında Bakı şəhərində anadan olub. O, anasının ciddi təkidi ilə 1942-ci ildə peşəkar aktrisa ömrünü Naxçıvan teatrına bağlayır. Amma Sofya xanım deyirdi ki, anası onu hələ 3 yaşı olanda teatra aparıb: “Orda Cəfər Cabbarlının “Sevil” tamaşasında balaca Gündüzün sözsüz səhnələrini oynamışam. Deməli, 3 yaşımdan səhnədəyəm”.
İlk peşəkar rolu isə Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olub. Böyük Vətən müharibəsi illərində ailə vəziyyətilə əlaqədar Bakıya gedib. Amma 1955-ci ilin yaradıcılıq mövsümündə naxçıvanlı tamaşaçılar onu yenidən doğma səhnədə İslam Səfərlinin “Göz həkimi” pyesində Nərminə rolunda görürlər. Zahiri görünüşü və Xədicə xanımdan heç də geri qalmayan istedadı onu az zamanda sənətsevərlərin sevimlisinə çevirir. Aydın, səlis diksiyası, peşəkar səhnə davranışı, ən əsası sərbəstliyi sonradan Sofya xanımın obrazlar silsiləsinin yaranmasına gətirib çıxarır. Dünya səviyyəli müasir və klassik dramaturqların əsərlərində yaratdığı maraqlı rollar həm də mürəkkəbliyi ilə seçilirdi. Amma təcrübəli aktrisa üçün bu, artıq adi hal idi. Ona görə də Baxşı Qələndərli, Miribrahim Həmzəyev, Vəli Babayev kimi rejissorlar məmnuniyyətlə öz tamaşalarında ona rollar təklif edirdilər. A. Ostrovskinin “Günahsız müqəssirlər”ində Kruçinina, “Cehizsiz qız”ında Larisa, gürcü A.Saqarelinin “Xanuma”sında Xanuma, Lope de Veqanın “Bostan iti”ndə Diana, S.S.Axundovun “Eşq və intiqam”ında Zəhra, Ü.Hacıbəyovun “O olmasın, bu olsun”unda Gülnaz, C.Cabbarlının “Sevil”ində Edilya, K.Ağayevanın “Məhsəti”sində Tərgül və sair rolların hamısı uğurla tamaşaçılara təqdim edilib. Sofya xanımın üstünlüyü rolları özününküləşdirmək bacarığı idi. Hər bir obrazın sanki daxili aləmini açır, onu olduğu kimi hissləri, düşüncələri ilə tamaşaçıya təqdim edirdi. Bu ustalığına görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar, 1982-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olan Sofya Hüseynova həm də vətənin yüksək mükafatına, “Şöhrət” ordeninə layiq görülmüşdü. Sofya xanım 2015-ci ildə Naxçıvan şəhərində vəfat edib. Amma özündən sonra Naxçıvan teatrına Rövşən Hüseynov kimi Xalq artisti bəxş edib.
Bu ailədə sənət növbəti davamçıda özünü daha güclü şəkildə büruzə verib. Belə ki, teatrın səhnəsində Sofya xanım anası Xədicə Qazıyevadan, Rövşən Hüseynov isə Sofya xanımdan fərqli olaraq özünəməxsus obrazlar yaradıb. Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda doğulub. Uşaqlıq illərini teatrın səhnəsində keçirən Rövşən sonradan elə anası və nənəsi kimi ömrünü böyük səhnəyə bağlayıb. Uşaqlıq illərində müxtəlif tamaşalarda müəyyən epizodlarda çıxış edib, 1968-ci ildən, yəni 14 yaşından teatrın truppasına aktyor kimi qəbul olunub. Azərbaycanda tanınan təcrübəli rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, Miribrahim Həmzəyev kimi sənətkarların quruluş verdiyi tamaşalarda Rövşənin özünəməxsus rollar silsiləsi başlayıb. Biz onun rollarının siyahısını sadalamaq niyyətində deyilik. Sadəcə, sayını deyə bilərik – 1968-ci ildə Süleyman Sani Axundovun “Laçın yuvası”ndakı Səfərdən başlayan və bir neçə il qabaq Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”ndakı xalq qəhrəmanı Babək roluna qədər 150 müxtəlif xarakterli qəhrəman səhnədə Rövşən Hüseynovun ifası ilə tamaşaçıya təqdim edilib.
Maraqlı hal odur ki, oynanılan rolların əksəriyyəti əsərin baş qəhrəmanı olub. Bu obrazların hər biri də özünəməxsus xarakter cizgiləri ilə, yaddaqalan şəkildə və bir-birini təkrar etmədən yaradılıb. Çoxu da komediya obrazlarıdır. Əslində isə Rövşən Hüseynov çox ciddi aktyordur. Elə buna görə də onun oynadığı komik obrazlar ciddiliyi ilə seçilir. Bunu da tamaşaçı yaxşı bilir. Amma tarixi dramlar, faciələrdə yaratdığı obrazlar da onlardan geri qalmır. Hər biri özünəməxsus şəkildə aktyor ifası ilə tamaşaçının yadında qalır. Bəzən aktyorların yaradıcılığını komik və ya dramatik amplualara bölürlər. Rövşən Hüseynovsa əsl aktyordur, yəni onun üçün obraz, xarakter var. Qəhrəmanın düşdüyü vəziyyətin reallığı və insan taleyi onu narahat edir. Bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin diktəsi ilə yaranır. Etiraf edək ki, Rövşən Hüseynov tərəf-müqabili ilə qarşılıqlı oyunu sevən, öz həmkarlarına səhnədə istənilən vəziyyətdə yaxşı ifa üçün şərait yaradan çox az aktyorlardan biridir.
Artıq yaşın 63 çağıdır. Amma buna baxmayaraq, Rövşən Hüseynovun ürəyi hələ də səhnəyə bağlı gənclər kimi döyünür. Deyir ki, indi bu yaşda da tamaşaçı qarşısına çıxanda ilk illərdəki həyəcanı yaşayıram. Bu isə yüz ilə yaxın bir vaxtda teatrla yaşayan ailə ənənəsinin süzgəcindən keçib gələn bir haldır.
Səməd Canbaxşıyev