23 Dekabr 2024, Bazar ertəsi

İslam Səfərli şeirində Naxçıvan

Bu gün görkəmli şair İslam Səfərlinin anadan olmasının 94-cü ildönümüdür. O, 1923-cü il fevral ayının 12-də Naxçıvanın Şəkərabad kəndində anadan olmuşdur. İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 18 yanvar tarixli Sərəncamında deyildiyi kimi: “17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İslam Səfərlinin mükəmməl bədii obrazlılığı ilə seçilən poeziyası bitkin vətənpərvərlik nümunəsidir. Nəğməkar şairin poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar bu gün də öz populyarlığını itirməmişdir. Bir-birindən maraqlı poemalar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun pyesləri dəfələrlə Azərbaycan Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır”.

Tərəddüd etmədən demək olar ki, heç bir sənətkar yaradıcılığında (Bəhruz Kəngərli istisna olmaqla) İslam Səfərli qədər Naxçıvan mövzusuna yer ayırma­mışdır. Təkcə bu mövzuda şairin otuzdan çox sayseçmə şeiri vardır ki, o şeirlər qırx-əlli il bundan əvvəl yazılmasına baxmayaraq, bu gün də öz sənət təravətini qoruyub saxlamaqdadır.
Yaradıcılığının ilk illərindən ədəbi ictimaiyyətin, xüsusilə də böyük Səməd Vurğunun diqqətini cəlb edən İslam Səfərlini ədəbiyyata zəngin və tarixi kökləri olan Naxçıvan ədəbi mühiti bəxş etmişdir. Buna görə də Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan onun şeirinin əzəli və əbədi qəhrəmanına çevrilmiş və şair bu mövzuda dərin məzmunlu, böyük sənət yanğılı şeirlər yazmışdır.
İslam Səfərli o sənətkarlardandır ki, onun yaradıcı­lığında yüksək xəlqiliklə, bəşəri dəyərlərlə yanaşı, milli bağlılıq həmişə aparıcılıq təşkil etmişdir. Şairin məşhur şeirlərindən biri olan “Sənə qurban canım, Azərbaycanım” şeirində bu mövzuda yazılmış bir çox şeirlərdə özünü göstərən quru pafosluq, ucuz şüarçılıq, yeknəsəq və döyənək qafiyələr axtarmaq çox çətindir:

Torpağın ətrini sinəmə çəkdim,
Dodağım gül açdı,
Ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
Söyüdlər nazlandı
Gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
ətəyi ləpəli, qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə qurban olum Azərbaycanım.

Təkcə bu bir bəndin təhlilinə varsaq, bir daha görərik ki, İslam Səfərli yaradıcılığına yalançı vətənpərvərlik yaddır. Təmiz, aydın, duru Naxçıvan havasının əsrarəngiz gözəlliyini şeirlərinin mayasına qatan şairin poeziyası da duru, saf, bütün zamanlar və oxucular üçün aydındır.
Təbiətində həmişə bir bahar təravəti yaşadan Naxçıvan özlüyündə Tanrı qələmi ilə yazılmış əsrarəngiz gözəlliyə malik olan canlı poeziyadır. Bu poeziyanın təsir gücü İslam Səfərli şeirinin ana xətlərindən birini təşkil edir. Naxçıvana müraciətlə “çöllərindən keçən mənəm, söz deməmiş keçənmərəm”, – deyən şairin yaradıcılığında “Gəlmişəm” şeirinin öz yeri var. Dörd bəndlik bu şeirdə həm Naxçıvanın yerləşdiyi coğrafi məkan, həm də füsunkar təbiəti öz əksini tapır:

Rübabımı kökləmişəm burda mən,
Mənə şeir çələngini bəxş edən
Yaraşıqlı bir məkana gəlmişəm.
Ovçu kimi mən dolana-dolana,
Qalxıb Araz qırağından bu yana,
Baba yurdum gözəl Nəqşi-cahana –
Ana yurdum Naxçıvana gəlmişəm!

İslam Səfərli təbiətdən yazanda təbiəti Tanrının bəşəriyyətə bəxş etdiyi bir varlıq kimi qəbul edir, təbiətlə insan arasındakı harmoniyanı ön plana çəkir.
Naxçıvanın dilbər guşələrindən olan Batabat yaylağına həsr edilmiş “Batabat bulağı” şeirində təbiətlə insan fərdiyyəti arasında böyük bağlılıq var.
Sənətin ən böyük uğuru insanlara həyat eşqi aşılamaq, onu həyata bağlamaq missiyasını yerinə yetirməsindədir. Şairin bilavasitə Naxçıvanın qəhrəmanlıq tarixinə həsr etdiyi və dillər əzbəri olan “Mən” adlı şeirində biz həmçinin şair eşqinin, düşüncəsinin bariz nümunəsini görə bilərik:

Seyrinə çıxmışam elin, obanın,
Alıcı bir tərlan balasıyam mən.
Bizim parçalanmış Azərbaycanın
Araz tək sağalmaz yarasıyam mən.

İgidlik yaşadır məğrur insanı,
Burda babaların axmışdır qanı.
Qədim Naxçıvanın polad qalxanı,
Yenilməz Əlincə qalasıyam mən.

“Gilan şəhəri haqqında ballada” şeirində də Naxçıvanın keşməkeşli tarixindən söz açan şair xəyallar, düşüncələr vasitəsilə dünənin canlı lövhələrini yaddaşlara köçürür:

Gör nə deyir qərinələr:
Viranədir Gilan şəhər.
Dərəyə en, təpəyə qalx,
Xərabələr qalaq-qalaq...

...Hər kərpicdə yazı durur,
Çoxu gedib, azı durur.

Şair Gilan şəhərini xalqımızın minillik mədəniyyətinin daşıyıcısı kimi tərənnüm edir:

Yer altında nələr-nələr
Yatır milyon ildən bəri
Min memarın şah əsəri...

Şairin şeirlərində təbiət diridir, bədəndə ürək döyünən kimi döyünür. O, çiçəkdən, qartaldan, yaxud da dağ kəkliyindən yazanda belə, onlara xalqın milli sərvəti kimi ehtiyatlı, qayğıkeş bir şair ürəyi ilə yanaşır. “Naxçıvanın duzu, qızı, qarpızı”, “Badamlı”, “Payız meşəsi”, “Xal-xal meşəsi”, adını çəkdiyimiz “Batabat bulağı” kimi onlarla şeirini nümunə gətirə bilərik ki, bu şeirlər İslam Səfərli sözünün qüdrəti ilə Naxçıvan təbiətinin özü qədər əbədi bir yaşarlıq haqqı qazanıb.
İslam Səfərlinin Naxçıvan təbiəti ilə bağlı şeirlərinin bir çoxunda işlənən yer, bulaq, dağ, meşə, çay adlarını əgər kağız üzərinə köçürmək mümkün olsaydı, Naxçıvanın flora və faunasını əks etdirən bütöv bir xəritə alınardı.“Qara yol”, “Pətəkli quzey”, “Sonsuz quyu”, “Badamlı suyu”, “Batabat bulağı”,“Salvartı”, ”Qonaqgörməz”, “Ölən şəhər”, “Payız dağı”, “Haçadağ”, “Payızçay”, “Cəhri”, “Arpa çayı”, “Toğluqaya”, “Plovtəpə”, “Çınqıllı”, “Yelli yurd”, “Keçəldağ”, “Kələflidağ”, “Şahbuz”, “Xal-xal”, “Əlincə qalası”, “Atabəy məqbərəsi”, “Əliabad yolu”, “Ağrı”, “Təndir çeşməsi”, “Araz”, “Gəlin daşı”, “Qızlar bulağı”, “Nəqşi-cahan”, “Nehrəm”, “Düylün”, “Vənənd”, “Vayxır çeşməsi” və sair kimi Naxçıvanla bağlı yer, dağ, meşə, yurd adlarını nümunə çəkə bilərik ki, onlar İslam Səfərli poeziyasının ayrılmaz tərkib hissəsidirlər.
Şairin qələm dostu yazıçı Əlfi Qasımov İslam Səfərli yaradıcılığının məziyyətlərindən danışarkən yazır: “...Səmimilik, axıcılıq, oynaqlıq, musiqiyə uyarlıq İslam Səfərlinin şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir. Onun şeirlərində səmimilikdən kənar bir hiss, boğazdan yuxarı deyilmiş ifadə, şeirin axarını pozan misra tapmaq çətindir”.
İslam Səfərli şeirində Naxçıvan mövzusundan danışarkən bir cəhəti də qeyd etmək lazımdır ki, şair təkcə Naxçıvanın təbiətini, gözəlliklərini, onun dünənini və bu gününü tərənnüm edən şeirlər deyil, eyni zamanda bu torpağın Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına və ictimai həyatına bəxş etdiyi sənətkarlara ithaf etdiyi yaddaqalan şeir nümunələri də yaratmışdır. Böyük Vətən müharibəsinə gedən ilk on üç nəfərin xatirəsinə həsr etdiyi “Onüçlər”, “Şərqin şöhrəti” (böyük ədib Cəlil Məmmədquluzadəyə), “Sevib yaşatdı” (Turan Cavidə), “Naxçıvan yadigarı” (“Naxçıvan yadigarı” mənzərə albomunun müəllifi rəssam Bəhruz Kəngərliyə) şeirləri Naxçıvan torpağının elm və mədəniyyətinin qüdrətini göstərən şeirlərdir.
...Şairin Naxçıvanla bağlı adlarını çəkmədiyimiz onlarla şeiri var ki, bu şeirlər sanki Naxçıvan diyarının canlı tərcümeyi-halıdır:

Mən neylərəm sənsiz görən?
Doymaz səndə ömür sürən.
Ey İslama könül verən,
Düz ilqarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Adına Naxçıvan şəhərində küçə, məktəb olan İslam Səfərli yaradıcılığı da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, 2013-cü ildə görkəmli şairin 90 illik yubileyi geniş qeyd edilib.

Xanəli KƏRİMLİ
şair-publisist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR