23 Dekabr 2024, Bazar ertəsi

Arxeoloq Osman Həbibullayevin 1951-1964-cü illərdə apardığı qazıntılar zamanı I Kültəpə yaşayış yerindən aşkar olunan və Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda saxlanılan arxeoloji materiallar Fransa arxeoloqu Remi Berthon və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin hazırladığı layihə əsasında 2015-ci ildən tədqiq edilməyə başlanıb. Layihə 2017-ci ildə başa çatır. Tədqiqatların nəticələri ingilis dilində üç kitab halında nəşr ediləcək.
Layihənin Azərbaycan tərəfdən rəhbəri Vəli Baxşəliyev bildirib ki, bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın həm tarixinin öyrənilməsində, həm də təbliğində əhəmiyyətli rol oynayacaq. Onun sözlərinə görə, bu il tədqiqatlarda Fransa tərəfdən Catherine Marro, Nicilas Gailhard, Marie Orange və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Fizzə Quliyeva iştirak edirlər. Tədqiqatlarda yaşayış yerindən tapılan minlərlə keramika, daş, sümük, metal və obsidiandan hazırlanmış arxeoloji materialların fotosu, qrafik rəsmi, metal və obsidianların isə kimyəvi tərkibi analiz olunur.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə 2013-cü ildən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. Artıq tədqiqatlar başa çatıb. Əsas məqsəd yaşayış yerində məskunlaşma tarixini dəqiqləşdirməkdən ibarət olub. Arxeoloji tədqiqat işləri ilə bərabər, ekspedisiyanın üzvləri qədim mədən yerlərini və köçmə maldarlıqla bağlı yaşayış yerlərini, köç yollarının istiqamətlərini araşdırıb.
Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir və burada insanlar eradan əvvəl VII minilliyin ortalarında məskunlaşıblar. Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzinin də Naxçıvan olub-olmadığını müəyyənləşdirmək üçün müəyyən işlər görülməkdədir. İlk tədqiqatlar Naxçıvandakı mis yataqlarının insanlar tərəfindən istifadə olunduğunu təsdiq edir. Mis, qurğuşun alətlərin mis yataqları ilə qarşılıqlı analizi Naxçıvanın qədim metallurgiyasının yerli xammala əsaslandığını deməyə əsas verir. ABŞ və Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda apardığı arxeoloji tədqiqatlar təkcə tariximizin öyrənilməsi baxımından deyil, həm də qədim tariximizin dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR