23 Dekabr 2024, Bazar ertəsi

Ötən il bu sahədə mühüm işlər görülüb

Başa vurduğumuz 2016-cı il muxtar respublikada bir çox sahələrdə əldə olunmuş uğurlu nəticələrlə xatırlanacaq. Naxçıvanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən müsbət dəyişikliklər kifayət qədərdir. Ancaq biz bugünkü yazımızda onlardan biri barədə bəhs edəcəyik. Söhbət Naxçıvanın əsrlərdən bəri milli kimliyini özündə yaşadan tarix və mədəniyyət abidələrinə göstərilən qayğıdan, bu sahədə görülmüş işlərdən gedir. Muxtar respublikada tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər son dövrlərdə bütün illəri əhatə edib. Lakin 2016-cı ili digərlərindən fərqləndirməyimiz onunla əlaqəlidir ki, məhz bu ildə bərpa və yenidənqurma işləri aparılan tarixi abidələr turizmin inkişafında əvəzolunmaz rola malikdirlər. Bu abidələri elə bərpa olunma tarixlərinə görə xronoloji ardıcıllıqla oxucularımızın diqqətinə bir daha çatdırmaq istədik.

 

Belə ki, ötən il fevralın 15-də Şərur rayonunun Xanlıqlar kəndində muxtar respublikada mövcud olan üç “İmamzadə”dən biri – “Parçı İmamzadəsi” deyilən “İmamzadə” istifadəyə verildi. Burada bir haşiyə çıxaraq bildirək ki, İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiyyətin nəslindən olan şəxslər “İmam” adlandırılıblar. Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Azərbaycanda Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri və onların davamçıları şiəlik məzhəbini daha da yaymaq və bu məzhəbin nüfuz dairəsini genişləndirmək üçün şiə imamları ilə bağlı olan ziyarətgahlara diqqətlə yanaşaraq bu qəbirlər üzərində türbələr inşa etdiriblər. Təsadüfi deyildir ki, Naxçıvan ərazisindəki imamzadələr də Səfəvilər dövründə tikilib.

Şərur rayonunun Xanlıqlar kəndində yerləşən “İmamzadə” yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üzərində tikilib, uzun illər yerli sakinlər, bura gələn ziyarətçilər üçün ziyarətgah və inanc yeri olub. “İmamzadə” giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvarı günbəzlə örtülüb. Bərpa işləri zamanı “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq element­ləri qorunub saxlanılıb. Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan bu abidənin bərpası tarixi-mədəni irsimizə göstərilən böyük qayğının nəticəsi olmaqla yanaşı, həm də Naxçıvanın İslam dünyasının müqəddəs məkanlarından biri kimi tanıdılmasına geniş imkanlar açır. Bir ildən sonra Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi diqqət mərkəzində olması bu kimi abidələrimizə növbəti illərdə ziyarətçi və turist axınını stimullaşdıra bilər.
Naxçıvanın qədim tarixində mühüm rola malik abidələrdən biri də Əlincəqaladır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə bərpa olunan “Əlincəqala” tarixi abidəsi ötən il iyunun 17-də burada yaradılmış muzeylə birgə istifadəyə verilib. Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini nümayiş etdirən qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb. Qaladan tapılan sikkələr onun I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər kimi formalaşdığını təsdiq edir. Həmçinin qala və onun ətrafında olan epiqrafik abidələrin öyrənilməsi bu bölgənin orta əsrlərdə Azərbaycanın mühüm siyasi, sosial və mədəni mərkəzlərindən biri olduğunu göstərir.
Zirvəsində üçrəngli bayrağımızın dalğalandığı Əlincəqalada bərpa işləri heç də asan başa gəlməyib. Müasir tikinti texnikalarından istifadənin mümkünsüz olduğu qalada əl əməyindən geniş istifadə edilib. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Bundan əlavə, qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının muxtar respublikanın həyatında tarixi bir hadisə olduğunu, eyni zamanda xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını təsdiq edir. Bu faktı da qeyd etmək yerinə düşər ki, ötən dövrdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə uzunluğu 57,6 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yolunun yenidən qurulması Əlincəqalaya turist marşrutlarının rahat hərəkəti üçün geniş imkanlar açır.
Muxtar respublikada 2016-cı ildə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Azərbaycan xatirə memarlığının incilərini özündə əks etdirən Gülüstan türbəsinin bərpasıdır. Əsrlərdir, Arazın sakit axan sularına tamaşa edən, Culfa düzünün qışda sərt soyuğuna, yayda isə qızmar istisinə sinə gərən Gülüstan türbəsi məhz 2016-cı ildə elmi və tarixi əsaslarla bərpa edilərək ziyarətçi­lərin istifadəsinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən bərpa edilmiş və 2016-cı il iyunun 30-da istifadəyə verilmiş dünya əhəmiyyətli Gülüstan türbəsinin açılış mərasimində Ali Məclisin Sədri deyib: “Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilmişdir”.
Qeyd edək ki, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan və özünəməxsus xüsusiyyətləri ilə seçilən türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, XVII əsr türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində “Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “Tənha bürc” kimi xatırlanır. Gülüstan türbəsinin sərdabəsi “kürsülük” adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb.
Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Gülüstan türbəsinin açılışından 3 gün sonra, iyulun 4-də Ali Məclisin Sədri tərəfindən növbəti bir sərəncam imzalandı. “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamında deyilir: “Naxçıvan Muxtar Respublikasının ərazisi xalqımıza məxsus maddi-mədəniyyət nümunələri və abidələrlə zəngindir. Belə abidələrdən biri də Qarabağlar Türbə Kompleksidir. Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.
Türbə kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən və böyük şəhərlərindən biri olmuşdur”.
Türbə kompleksində bərpa işləri davam etdirilir. Qeyd edək ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Aparılan bərpa işləri zamanı türbə və qoşa minarə hissələri bərpa ediləcək, bunlar arasındakı bölüm, habelə dörd təndir konservasiya olunacaq.
Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə onikibucaqlı olub, divarları daşdan, günbəzi isə kərpicdən inşa edilib. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin dörd giriş qapısından biri olan əsas giriş qapısı üzərindəki kitabədə müqəddəs “Qurani-Kərim”dən 6 ayə (“Mülk” surəsi) həkk olunub. Bu qapının kənarları çox incə naxışlarla işlənilib. Görüləcək işlər orta əsrlərin yadigarı olan Qarabağlar türbəsinə də ikinci həyat verəcək.
Ötən il bərpa işləri aparılan abidələrdən biri də Xanəgah Abidə Kompleksidir. Türbənin dam örtüyü yenilənib, işçilər üçün otaq yaradılıb, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılıb. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib.
Bəli, yola saldığımız 2016-cı il muxtar respublikada bu tarixi abidələrin bərpası ilə yadda qalacaq. Diqqət etsək görərik ki, bu abidələr heç də sıradan tarixi abidələr deyil. Xanlıqlar kəndindəki “İmamzadə” abidəsi Naxçıvanda İslam dini və mədəniyyətinin formalaşmasını özündə əks etdirən tarixi-dini tikilidir. Gülüstan və Qarabağlar türbələri dünya əhəmiyyətli abidələrdir. Əlincəqala isə Azərbaycanın milli dövlətçilik ənənələrini özündə yaşadan tarixi abidədir. Əlincəqalanın müxtəlif tarixi proseslərdə iştirakı, sadəcə, Naxçıvan və yaxud Azərbaycanla məhdudlaşmır. Eyni zamanda digər sadaladığımız abidələr Naxçıvanın orta əsr tarix və mədəniyyətini özündə əks etdirirsə, Əlincəqalanın tarixi daha qədimlərə gedib çıxır. Bu tarixi abidənin mühüm əhəmiyyətindən irəli gəlir ki, onun haqqında ispan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rui Qonsales Klavixo, XII əsrdə Həmdullah Qəzvini, XV əsrdə Şərafəddin Əli Yəzdi, XVII əsrdə türk səyyahı Övliya Çələbi kimi tədqiqatçılar fikir bildiriblər. Bir sözlə, görülmüş bu işlər yaxın gələcəkdə Naxçıvana – İslam mədəniyyətinin paytaxtına üz tutacaq çoxsaylı qonaqlara bu abidələri tanıtmaq baxımından məxsusi rol oynayacaq.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR