23 Dekabr 2024, Bazar ertəsi

Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbi şagirdlərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunub.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumatlandırılması, tarixi keçmişimizin unudulmaması və gələcək nəsillərə çatdırılması olub.
Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılıb. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub. Hazırda isə eksponatların sayı 2 mini ötüb. Muzeyin ekspozisiyasında 16 bölmədə 1200-dən çox eksponat nümayiş etdirilir.
Qeyd olunub ki, muzeydə qədim və orta əsrlərə aid zəngin nümunələr, nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərində – Kərki nekropolunda, Vəlidağ ətəklərində, “Sədərək qalası”, “Kültəpə”, “Şəhər yeri”, “Bulaq başı”, “Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və orta əsrə aid eksponatlar – daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək torpağında hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir.

Bölgənin qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.
Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.
“Sədərək qeyrət qalasıdır” bölməsində isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan Sədərəyin ağır həyatı, mərdliklə müdafiə olunması canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Onlar bu torpaq uğrunda canını fəda edən 108 şəhid, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat alırlar.
Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də şagirdlərin diqqətini cəlb edib. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend asılıb.
Muzeylə tanışlıq şagirdlərin marağına səbəb olub.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR