Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdə Səfiəddin Urməvi, sonralar isə onun davamçıları Azərbaycan musiqisinin nəzəri məsələlərini araşdırmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazmışlar. Bu nadir elmi əsərlər dünyanın bir sıra dillərinə tərcümə edilmiş, Şərqin və Qərbin böyük tədqiqatçıları və musiqişünaslarının marağına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.
Bu gün ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı doğma Azərbaycanımızın hüdudlarını aşaraq ona dünya şöhrəti qazandırmışdır. Bu sənət milli və coğrafi sərhədlər tanımır, onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.
Qədim tarixə malik olan Azərbaycan musiqi sənəti ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Tanınmış bəstəkar və musiqiçilər “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuş, fəxri adlara, Prezident mükafatı və təqaüdünə layiq görülmüşlər.
Azərbaycan bəstəkarlarının musiqi əsərləri həm də zəngin multikultural dəyərlərin daşıyıcısı kimi diqqəti cəlb edir. Bəstəkarlarımızın yaradıcılığında başqa xalqların tarix və həyatına, məişətinə, mübarizəsinə, düşüncə tərzinə maraq müşahidə olunur. Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, “Vyetnam qravürləri”, “Alban rapsodiyası”, Niyazinin “Çitra” baleti, Fikrət Əmirovun “Min bir gecə” baleti, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, Soltan Hacıbəyovun “Hindistan lövhələri”, Rauf Hacıyevin “Əlcəzair inqilabı”, “Kuba, məhəbbətim mənim”, Vasif Adıgözəlovun “Çanaqqala-1915” və başqa musiqi əsərləri zəngin musiqi mədəniyyətimizin multikultural dəyərləri ilə yanaşı, bəşəriliyini də aydın göstərməkdədir.
Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər keçirilən Beynəlxalq Üzeyir Hacıbəyov Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, Bakı Beynəlxalq Caz Festivalı, Beynəlxalq Rostropoviç Festivalı, Beynəlxalq Aşıq Festivalı, Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Muğam Simpoziumu, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq İpək Yolu Musiqi Festivalı və başqa yüksək səviyyəli tədbirlər ölkəmizdə musiqi mədəniyyəti sahəsində görülmüş işlərin əyani təzahürüdür.
“Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti Azərbaycanın musiqi mədəniyyəti ilə sıx bağlıdır”, – deyən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə milli musiqi sənətimizin tanıdılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə diqqət və qayğının daha bir ifadəsidir. 2011-ci ildə ölkəmizin “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi və 2012-ci ilin may ayında Bakı şəhərində 57-ci “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi isə Azərbaycanın musiqi mədəniyyətini və yüksək təşkilatçılıq imkanlarını bir daha dünyaya nümayiş etdirmişdir.
Musiqi mədəniyyətimizin inkişafı sahəsində həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2005-ci ilin martında Parisdə “Qarabağ xanəndələri” albomunun təqdimat mərasiminin keçirilməsi, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın, Azərbaycan, rus və ingilis dillərində ikicildlik “Muğam Ensiklopediyası”nın, “Muğam” jurnalının işıq üzü görməsi mədəniyyətimizin tanıdılması sahəsində həyata keçirilən mühüm tədbirlərdəndir. 2003-cü ildə Azərbaycanın muğam, 2009-cu ildə aşıq sənətinin, 2012-ci ildə tar ifaçılığı sənətinin YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunmuşdur. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamına əsasən, ötən il musiqi ocağının yubileyi muxtar respublikamızda geniş qeyd olunmuş, yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulmuşdur. Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını da genişləndirmişdir. Onlar yaradılan şəraitdən istifadə edərək yeni əsərlər yazır, Azərbaycan musiqi sənətini dəyərli əsərlərlə zənginləşdirirlər.
Bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmiş, musiqi kollektivlərinin və Şərur Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanmışdır.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Ötən il Naxçıvan şəhərinin Qaraçuq və Culfa rayonunun Bənəniyar kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbi, Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunmuş, musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rolunu yüksək qiymətləndirərək demişdir: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmış, Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanılmışdır.
Qədim diyarımızda son illər xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi sahəsində görülən işlər də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu il Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə keçirdiyi və noyabr ayında başa çatacaq “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi-2016” ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər.
Musiqi insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malikdir. Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Zaman dəyişir, zövqlər dəyişir, əsl musiqi isə əbədi yaşayır. Azərbaycan musiqisi bu gün sevilir, qorunur, yaşadılır və təbliğ edilir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti