23 Dekabr 2024, Bazar ertəsi

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə ulu öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi.

Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət ediblər.
Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 134 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunaraq “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilib. Həmin ildən onun bütün əsərlərinə qadağa qoyulsa da, ulu öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunub, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub, adına küçələr, məktəblər, kitabxanalar verilib.

Bildirilib ki, 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, həmin dövrdə Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu nitq söyləyib, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra da Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğısını əsirgəməyib. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunub. Ümummilli liderin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçib. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olub. Bu mərasim böyük Cavidə qayğı və məhəbbətin təntənəsi, Cavidin məqbərəsi təkcə böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidə idi.
“Hüseyn Cavidin anadan olmasının 120 illiyinin qeyd olunması haqqında ulu öndərin 23 oktyabr 2002-ci il tarixli Sərəncamı sübut edir ki, görkəmli dövlət xadimi Heydər Əliyev böyük sənətkarın irsinin öyrənilməsinə həmişə diqqətlə yanaşıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, bu sərəncam Cavid şəxsiyyətinə və yaradıcı­lığına tükənməz məhəbbətin bariz ifadəsidir. Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması, 1993-cü ildə Bakıda ucaldılan Hüseyn Cavidin abidəsi görkəmli ədibə dövlət qayğısının parlaq ifadəsidir.
Diqqətə çatdırılıb ki, ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 17 aprel 2007-ci və 16 fevral 2012-ci illərdə imzaladığı Hüseyn Cavidin 125 və 130 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar dahi sənətkara göstərilən dövlət qayğısının davamı kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylə bağlı 2007-ci il 15 may və 2012-ci il 20 fevral tarixli sərəncamlarla təsdiq etdiyi Tədbirlər planlarına əsasən, qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində “Hüseyn Cavid dərsləri” keçilib, elmi konfranslar və simpoziumlar təşkil edilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsəri tamaşaya hazır­lanıb, “Naxçıvan” jurnalının bir nömrəsi ədibin 130 illik yubileyinə həsr olunub. Ali Məclis Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq etdiyi Tədbirlər Planında hər il görkəmli şair və dramaturqun anadan olduğu günün – oktyabrın 24-nün muxtar respublikamızda “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilməsi də öz əksini tapıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Hüseyn Cavidin həyat və yaradıcılığı”, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşim­linin “Hüseyn Cavidin poeziyası”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Məmmədovun “Azərbaycan ədəbiyyatının söz və fikir dahisi – Hüseyn Cavid” mövzularında çıxışları olub. Çıxışlarda ulu öndər Heydər Əliyevin Cavid şəxsiyyətinə, irsinə, ailəsinə göstərdiyi qayğıdan geniş söhbət açılıb, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən işlər qeyd edilib, Cavid irsinə göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ifadə edilib.
Tədbir bədii hissə ilə davam­ etdirilib.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR